Mikayıl Cabbarov qəbul və buraxılış imtahanlarına ediləcək dəyişikliklərdən danışıb

Mikayıl Cabbarov qəbul və buraxılış imtahanlarına ediləcək dəyişikliklərdən danışıb Nazir: "Qaydaların dəyişdirilməsi sadələşdirilməyə yönəlib"
Elm və təhsil
6 Oktyabr , 2017 13:21
Mikayıl Cabbarov qəbul və buraxılış imtahanlarına ediləcək dəyişikliklərdən danışıb
Report/ Elshan Baba

Bakı. 6 oktyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov iki il sonra keçiriləcək qəbul və buraxılış imtahanlarına edilən dəyişikliklərdən danışıb.

“Report” xəbər verir ki, nazir jurnalistlərə 9 il bundan əvvəl məktəblərdə tətbiq olunan yeni tədris proqramının (kurikulum) baş verən dəyişikliklərin nəticəsi olduğunu deyib.

Onun sözlərinə görə, mütləq bilikdən biliklərin tətbiqi bacarığına keçid baş verir: “Bu sahə ilə məşğul olan həmkarlarımız digər qonşu ölkələrin də təcrübəsini öyrənib baxarsa, bu gün Azərbaycanda bu sahədə müzakirə edilən dəyişikliklərin heç də unikal olmadığı bilinər. İki qonşu dövlətə - Rusiya və Türkiyəyə nəzər salsaq görərik ki, onların da hər birində oxşar proseslər gedib”.

Nazir bildirib ki, imtahanların keçirilməsi qaydasının dəyişdirilməsi yalnız format olaraq sadələşdirilməyə yönəlib: “Bu, özünü imtahan fənlərinin sayının azalmasında, həm də məktəbdə əldə edilən biliklərin nəticə etibarı ilə məktəb imtahanlarının dəyərinin artmasında büruzə verir. İlk dəfə olaraq bu sahə ilə məşğul olan hər iki qurumun (Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi) birgə təşəbbüsü ilə dəyişikliklər barədə iki il öncə xəbər verildi. Bu da əlavə imkan və vaxt verir ki, abituriyentlər, onların valideynləri və şagirdlər lazım olan dəyişikliklərə hazır ola bilsinlər”.