Mikayıl Cabbarov: "Azərbaycanda müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır"

Mikayıl Cabbarov: "Azərbaycanda müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır" Nazir Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib
Elm və təhsil
5 Oktyabr , 2015 12:05
Mikayıl Cabbarov: Azərbaycanda müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib. "Report"un xəbərinə görə, nazir təbrikində bildirib ki, bu il keçirilən şəffaf müsabiqə nəticəsində ümumilikdə 2618 nəfər işə qəbul olunub: "Yüksək rəqabət şəraitində keçirilən bu müsabiqənin nəticəsi müəllimlik ixtisasına olan marağın göstəricisidir". 

Nazirin sözlərinə görə, bu il müəllimlik ixtisasını seçən və yüksək bal toplayan abituriyentlərin müəllim olmaq istəyənlərin ümumi sayına nisbəti xeyli artıb: "Bu bizi sevindirir. Digər bir məqam ondan ibarətdir ki, uzun müddət belə bir tendensiya var ki, müəllim olmaq istəyənlərin gender balansında xanımların sayı üstünlük təşkil edir. Ancaq son illərdə apardığımız müşahidələr onu göstərir ki, artıq müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır. Bu da sevindiricidir".

O, həmçinin bildirib ki, Azərbaycanda həmişə müəllim adı, müəllim əməyi yüksək tutulub: "Hər il olduğu kimi, bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir. Təhsildə aparılan bütün islahatyönümlü tədbirlərin ən başlıcası müəllimlə bağlıdır. Müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində son illərdə aparılan davamlı və məqsədyönlü tədbirlər bu şərəfli missiyanın ictimai çəkisini xeyli artırıb. Biz bütün müəllimlərimizi, eləcə də dövlət mükafatları ilə təltif olunan və yeni tədris ilindən ilk dəfə olaraq fəaliyyətə başlayan müəllimlərimizi bir daha təbrik edirik!". 

Son xəbərlər

Orphus sistemi