Mərkəzi Elmi Kitabxanaya UNESCO-nun nəşri olan 30-dan çox elmi kitab hədiyyə edilib

Mərkəzi Elmi Kitabxanaya UNESCO-nun nəşri olan 30-dan çox elmi kitab hədiyyə edilib Təqdim olunan kitablar institutun həyata keçirdiyi müxtəlif elmi-araşdırma layihələrinin nəticələrini özündə əks etdirir
Elm və təhsil
10 Noyabr , 2015 16:54
Mərkəzi Elmi Kitabxanaya UNESCO-nun nəşri olan 30-dan çox elmi kitab hədiyyə edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunda nəşr olunan 30-dan çox elmi kitab Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilib. Kitabxananın mətbuat xidmətindən “Report”a bildirilib ki, kitabları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev kitabxanaya təhvil verilib.

Təqdim olunan kitablar institutun həyata keçirdiyi müxtəlif elmi-araşdırma layihələrinin nəticələrini özündə əks etdirir.

Əsasən İpək Yolu üzərində yerləşən Mərkəzi Asiya ölkələrinin, eləcə də ətraf bölgələrin tarixinə və mədəniyyətinə həsr edilən bu kitablar arasında arxeologiyaya dair şah əsərlər, o cümlədən bölgənin köçəri mədəniyyəti, miniatür və dekorativ sənəti, Qazaxıstanın arxeoloji memarlığına dair əsərlər, Səmərqənd muzeyində saxlanılan ərəb qrafikalı əlyazmaların kataloqu, institutun dövri bülletenləri və digər kitablar yer alır.

Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun fəaliyyəti barədə məlumat verən Şahin Mustafayev bildirib ki, institutda azərbaycanlı və türk alimlərin iştirakı ilə bir sıra layihələr həyata keçirilib, əsərlər işıq üzü görüb. Belə ki, IX-XV əsrlərin memarlığı, torevtikası, keramika və bədii şüşə sənətinə həsr edilən “IX-XV əsrlərdə Mərkəzi Asiya və Azərbaycanın bədii sənəti” adlı 4 cildlik fundamental seriya, həmçinin ilk dəfə olaraq Mərkəzi Asiya tarixinə dair 3 cilddə Osmanlı arxiv sənədləri toplusu hazırlanaraq çap edilib. Bununla yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Rusiya tarixçilərinin birgə tədqiqatları əsasında “XIX-XX yüzilliyin əvvəlində Qafqaz və Mərkəzi Asiyada ictimai-mədəni islahatçılığın tarixi” mövzusunda beynəlxalq layihə gerçəkləşdirilib, eləcə də eyniadlı kitab işıq üzü görüb.

Son xəbərlər

Orphus sistemi