Məktəblilərarası II Məntiq Olimpiadası keçiriləcək

Məktəblilərarası II Məntiq Olimpiadası keçiriləcək Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq
Elm və təhsil
550
7 Mart , 2017 12:11
Məktəblilərarası II Məntiq Olimpiadası keçiriləcək

Bakı. 7 mart. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası keçiriləcək.

İdarədən “Report”a verilən məlumata görə, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edə bilərlər. İştirakçılar 11-12 yaş qrupunu (1 aprel 2017-cı il tarixinə qədər 10 yaşı tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır) əhatə edəcək.

Olimpiadada iştirak etmək üçün şagirdlər 25 mart tarixinədək www.mentiq.istek.edu.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulub.

İki mərhələdən ibarət olan olimpiadanın məktəbdaxili mərhələsi aprelin 1-də keçiriləcək. Mayın 6-da olimpiadanın final mərhələsi təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) ayrılacaq.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.