​"Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya" proqramının açılış mərasimi keçirilib

​"Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya" proqramının açılış mərasimi keçirilib Proqram mayın 12-18-də Bakıda yerləşən 15 muzeydə həyata keçiriləcək
Elm və təhsil
12 May , 2015 20:40
​Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya proqramının açılış mərasimi keçirilib

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir, eyni zamanda, "Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya" proqramının təqdimatı keçirilib. "Report" xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, digər rəsmi nümayəndələr, müəllimlər və şagirdlər iştirak ediblər.

Firudun Qurbanov bildirib ki, son dövrlərdə insan və təbiət arasında inkişafa xüsusi diqqət yetirilir :"Müasir dövrdə hər bir insanın ekoloji tərbiyəyə böyük ehtiyacı var, xüsusilə gənclərin. Ekoloji şüur ekoloji davranış ilə bağlıdır. Bu proqram Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyi əhatə edəcək. Yeni proqram üçün Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib. Belə tədbirlər gənclərin gələcək inkişafında böyük rol oynayacaq".

Günay Əfəndiyeva deyib ki, şagirdlər mədəniyyətin qoruyucuları və ötürücüləridir: "Bugünkü gənclər çox şanslıdır, çünki onlar müstəqil dövlətdə yaşayırlar".

Rəsmi açılışdan sonra məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyindəki ekspozisiyalarla tanış olublar.

Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Mayın 12-dən 18-dək Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü və YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyin tarixi, etnoqrafik mədəni ekspozisiyası barədə məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə "Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya" proqramı keçiriləcək. Tədbirin əsas məqsədi ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə məktəblilərin tanış edilməsidir. Tanışlıq zamanı eko-etnoqrafik əlaqələrə xüsusi diqqət yetirilərək muzeylərin kolleksiya fondunda olan əsərlərdə insanla ətraf mühit arasında tarixi münasibətlər öyrəniləcək.

Son xəbərlər

Orphus sistemi