"Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması məqsədi ilə işçi qrupu yaradılıb

"Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması məqsədi ilə işçi qrupu yaradılıb "Yeni layihəyə mövcud sənədlərin bir sıra müddəaları daxil ediləcək"
Elm və təhsil
14 Mart , 2016 12:42
Məktəbəqədər təhsil haqqında yeni qanun layihəsinin hazırlanması məqsədi ilə işçi qrupu yaradılıb

Bakı. 14 mart. REPORT.AZ/ Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. "Report"un məlumatına görə, iclasda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması məqsədi ilə işçi qrupunun tərkibi təsdiq edilib. 

Komitənin sədri İsa Həbibbəyli deyib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin (NK) 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və NK-nın 2012-ci ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi" adlı sənədləri ilə tənzimlənir: "Yeni layihəyə həmin sənədlərin bır sıra müddəaları daxil ediləcək".

İ.Həbibbəyli qeyd edib ki, “Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib: "Lakin “Təhsil haqqında” qanun çərçivə qanun olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar-məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb".

Komitə sədri əlavə edib ki, “Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır.

Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin də təcrübələrinin öyrənildiyini deyən İ.Həbibbəyli bildirib ki, qanun layihəsinin hazırlanması MM-in yaz sessiyasının gündəliyinə daxil edilib. Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır: “Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün MM-in müzakirəsinə verə də bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlaylışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır. Layihədə mütləq məktəbəqədər təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik. Məktəbəqədər təhsil müəssisələrinin idarəedilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik”.

Son xəbərlər

Orphus sistemi