Bakı. 30 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini və səfirliyin attaşesi Mario Fernandezlə görüşüb.
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
E.Qasımov qonaqlara BANM-in yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan rektor tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrdən bəhs edib. E.Qasımov BANM-in müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumlarla əlaqələrindən söz açıb.
Səfir Rodriqo Labardini BANM ilə öz ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafından bəhs edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub. Səfir Meksika Neft İnstitutu (Mexican İnstitute of Petroleum) ilə BANM arasında əməkdaşlığın qurulmasının mümkün perspektivlərini vurğulayıb.
Görüşdə, o cümlədən birgə gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq və BANM-də “Meksika günü”nün təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.