Məhəbbət Vəliyeva: "Uşaqlar qarşısında proqramdan əlavə tələblər qoyulması ciddi problemlərdəndir"

Məhəbbət Vəliyeva: "Uşaqlar qarşısında proqramdan əlavə tələblər qoyulması ciddi problemlərdəndir" "Müəllimlər əlavə təlimlərə cəlb olunmalı, nəzarət artırılmalıdır"
Elm və təhsil
14 Sentyabr , 2016 19:01
Məhəbbət Vəliyeva: Uşaqlar qarşısında proqramdan əlavə tələblər qoyulması ciddi problemlərdəndir

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Bəzi hallarda ibtidai sinif müəllimlərinin uşaqlar qarşısında məktəbəhazırlıq proqramından əlavə tələblər qoyması ən ciddi problemlərdəndir". 

"Report"un məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, problemin həlli yollarından biri müəllimlərin əlavə təlimlərə cəlb olunmasıdırsa, ikinci həll yolu məktəb rəhbərlərinin proqramın tələblərinin yerinə yetirilməsinə nəzarətin ciddi şəkildə artırılmasıdır: "Təəssüf ki, təhsil sisteminin özü üçün də bir çox üstünlüklərə malik olan sistem birinci sinifə qəbul prosesindəki neqativləri tam aradan qaldırılmağa imkan vermir. Belə ki, qəbul prosesinin yerlərdə qeyri-şəffaf keçirilməsi, xüsusilə uşaqların siniflər üzrə komplektləşdirilməsi prosesində məktəb rəhbərliyinin, bəzi hallarda hətta müəllimlərin valideynlərin arzusundan gəlir əldə etmək məqsədilə istifadəsi ilə bağlı nazazılıqlar əhali arasında bu gün də səsləndirilir".

İdarənin müdiri qeyd edib ki, yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır: "Nəzərəçarpacaq səbəblər arasında müəllimlərin keyfiyyətsiz dərs keçməsi, idarəetmədə boşluqların olması, istər məktəb rəhbərliyi, istərsə də valideynlər tərəfindən zəiflikdir".

O, həmçinin xatırladıb ki, 2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını bitirərək birinci sinfə sertifikatla qəbul olan 6 yaşı tamam olmuş uşaqların sayı ötən tədris ili ilə müqayisədə 8,9 faiz, 6 yaşı tamam olmayıb birinci sinfə sertifikatla qəbul olan uşaqların sayı 47,6 faiz artıb: "Bu il ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların birinci sinfinə 45 781 uşaq qəbul olub. Bu il birinci sinfə qəbul olunanların 88 nəfəri 8 yaşdan yuxarı olan uşaqlardır".

Son xəbərlər

Orphus sistemi