Magistraturaya maraq niyə azalıb? - RƏYLƏR

Magistraturaya maraq niyə azalıb? - RƏYLƏR Bu gün Azərbaycanda da Boloniya prosesinin bir hissəsi olan, Qərb ölkələrində təşəkkül tapan ikipilləli ali təhsil sistemi mövcuddur. Baza ali təhsilini bakalavr səviyyəsində bitirən istənilən tələbə konkret sahədə mütəxəssis olmaq üçün magistraturada təhsilini davam edə bilər. Bəs ölkəmizdə bu növ təhsilə maraq nə yerdədir?
Elm və təhsil
3 Sentyabr , 2019 16:54
Magistraturaya maraq niyə azalıb? - RƏYLƏR

Bu gün Azərbaycanda da Boloniya prosesinin bir hissəsi olan, Qərb ölkələrində təşəkkül tapan ikipilləli ali təhsil sistemi mövcuddur. Baza ali təhsilini bakalavr səviyyəsində bitirən istənilən tələbə konkret sahədə mütəxəssis olmaq üçün magistraturada təhsilini davam edə bilər. Bəs ölkəmizdə bu növ təhsilə maraq nə yerdədir?

Rəsmi statistikaya əsasən, bu il magistraturaya keçirilən imtahanda iştirak etmək üçün 12 684 bakalavr qeydiyyatdan keçib. 2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün müvafiq olaraq 13 08112 387 nəfər qeydiyyata alınıb. 2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq, imtahana qoşulmaq istəyən bakalavrların sayının demək olar son üç ildəkindən təxminən 2 dəfə çox olduğunu görərik.

Məsələni “Report”a şərh edən iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev bu pillədə olan təhsilə marağın azalmasını tələbələrin magistraturaya daha çox tədqiqat aparmaq, elmi sahədə karyeralarını davam etdirmək məqsədilə müraciət etmələri ilə əlaqələndirir:

“MBA təhsilinə marağın artması da burada müəyyən paya sahibdir. Belə ki, MBA təhsili magistratura təhsilindən fərqli olaraq müxtəlif bakalavr ixtisasından məzun olan tələbələrin bu təhsil formasına müraciət etmələrini mümkün edir. Digər tərəfdən, tələbələr iş dünyasında karyeralarını davam etdirmək, ixtisaslaşmaq üçün bu proqrama müraciət edirlər. Daha bir amil isə xaricdə magistr təhsili almağa marağın artmasıdır. Təhsilin qloballaşmasının bir nəticəsi kimi tələbələr, xüsusən də xarici dildə bakalavr təhsili alanlar magistratura təhsilini Azərbaycandan kənarda davam etdirməyə üstünlük verirlər. Türkiyə və Avropa İttifaqında xarici tələbələrə dövlət təqaüdünün verilməsi həmin ölkələrdə magistratura təhsili almağa marağı artırır”.

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev

"Magistraturada xarici dillər tədris olunmamalı, əvəzində xarici dil biliyi tələbəyə magistraturaya müraciət üçün şərt kimi qoyulmalı və ya tələbə magistraturaya qəbul olunduqdan sonra ona ixtisas fənləri tədris olunmadan əvvəl xüsusi proqram üzrə xarici dil öyrədilməlidir".

Gəray Musayev

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev

Gəray Musayev 2017-ci ildən bütün ali məktəblərdə iqtisadiyyat üzrə magistratura təhsilində yeni qaydaların tətbiq olunmasını mütərəqqi bir addım kimi dəyərləndirib.

“Tədris olunan fənlərin sayının azaldılması, tədrisin ikinci ilinin elmi tədqiqata ayrılması nəticəsində magistr tələbələrinə tədqiqat aparmaq üçün kifayət qədər vaxt və imkan təmin edilmiş olur, onların gələcəkdə elm adamları kimi yetişməsinin təməli qurulur. Yeni qaydaların tətbiqi bakalavr təhsilində tədris olunan fənlərin magistraturada bəzən sadəcə adları dəyişdirilərək eyni materiallarla tədris olunmasının da qarşısını alır. İqtisadiyyat üzrə magistratura təhsilində tətbiq olunan tədris planları həmin ixtisasın tam mənimsənilməsi üçün tələb olunan fənlər əsasında qurulur. Yeni qaydaların magistraturanın digər ixtisaslarında da tətbiq edilməsi magistr tələbələrinin gələcəkdə bir tədqiqatçı kimi yetişməsinə imkan yaradacağını deməyə əsas verir”, - o vurğulayıb.

Ekspert hesab edir ki, magistraturada xarici dillər tədris olunmamalı, əvəzində xarici dil biliyi tələbəyə magistraturaya müraciət üçün şərt kimi qoyulmalı və ya tələbə magistraturaya qəbul olunduqdan sonra ona ixtisas fənləri tədris olunmadan əvvəl xüsusi proqram üzrə xarici dil öyrədilməlidir: “Bu halda, tələbə daha yaxşı xarici dil biliyinə malik olur və elmi tədqiqatların aparılması üçün xarici dil biliyindən geniş istifadə edir. Fəlsəfə fənninə gəldikdə isə, burada da xarici təcrübəyəəsasən onun əvəzinə Elm fəlsəfəsi fənni tədris oluna bilər. Hazırda iqtisadiyyat üzrə magistratura təhsilində tədqiqat metodları fənninin tədris olunmasını müsbət qiymətləndirmək olar”.

Təhsil üzrə ekspert Etibar Əliyevə görə, gözlənilənin əksi olaraq magistraturaya marağın azalmasının bir sıra fundamental səbəbi var:

“Magistraturaya qəbul olanlara hərbi xidmətdən möhlət hüququ veriləndən sonra bu təhsil pilləsinə marağın artacağı ehtimal olunurdu. Lakin göründüyü kimi bu, belə olmadı. Bunun səbəblərindən biri kimi magistratura təhsilinin qiyabi formasının yoxluğunu göstərmək olar. Belə ki, bakalavr pilləsini bitirən böyük kəsim insan ailə vəziyyəti və ya işlə təhsilin bir araya sığışmadığı ilə əlaqəli əyani formada təhsili davam etdirə bilmir. Digər tərəfdən bir çox ali məktəbdə magistratura üçün təhsil haqqı kifayət qədər yüksəkdir. Dərsliklər demək olar yox dərəcəsində, mövcud olanlar və tərcümələr isə çox aşağı səviyyədədir. Fundamental elmlər sahəsində tədqiqatların aparılması üçün fənlər arası elmlər, yəni bir neçə elmin birləşdiyi elm sahələri üzrə mütəxəssislər demək olar yoxdur.Məsələn biokimya, molekulyar biologiya, fiziki kimya istiqamətini seçən çox azdır. Bütün bunlar nəticə etibarilə magistraturaya marağın azalmasına gətirib çıxarır”.

Təhsil üzrə ekspert Etibar Əliyev

“Düzdür, Azərbaycan 2005-ci ildə Boloniya bəyannaməsinə qoşulsa da, Qərbdə, ABŞ-da, Türkiyədə magistraturanın tədris proqramı üzrə fənlər, bizdə olanlardan xeyli fərqlənir. Fərqlər həm də ədəbiyyat bolluğunda, laboratoriyalarda, magistr-professor münasibətlərində özünü göstərir".

Etibar Əliyev

Təhsil üzrə ekspert Etibar Əliyev

Ekspert bizim tədris proqramlarımızın dünyanın aparıcı universitetlərinin tədris proqramları ilə unifikasiya edilməli olduğunun əhəmiyyətini vurğulayıb:

“Düzdür, Azərbaycan 2005-ci ildə Boloniya bəyannaməsinə qoşulsa da, Qərbdə, ABŞ-da, Türkiyədə magistraturanın tədris proqramı üzrə fənlər, bizdə olanlardan xeyli fərqlənir. Fərqlər həm də ədəbiyyat bolluğunda, laboratoriyalarda, magistr-professor münasibətlərində özünü göstərir. Lakin buna baxmayaraq, bizdə də inkişaf etmiş universitetlərdə əhəmiyyətli irəliləyiş var. Məsələn İqtisad Universitetində magistraturanın proqramları tamunifikasiya edilib, ADA və Neft və Sənaye Universitetində isə bu istiqamətdə çox ciddi işlər görülür. Magistratura axtarışlar, tədqiqatlar pilləsidir, elmi tədqiqatlarla məşğul olmaq bacarığıdır. O, bütün hallarda dəb və ya ikinci diplomun olması kimi qəbul olunmamalıdır. Kiminsə elmi tədqiqatlara həvəsi varsa, gələcəkdə alim kimi hər hansı problemin həlli üçün çalışmaq istəyirsə, bu təhsil pilləsindən yararlanmalıdır”. 

Son xəbərlər

Orphus sistemi