Nazirlik aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlər verilməsi üçün elan sessiyasına başlayıb

Nazirlik aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlər verilməsi üçün elan sessiyasına başlayıb Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək
Elm və təhsil
4 Oktyabr , 2016 09:58
Nazirlik aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlər verilməsi üçün elan sessiyasına başlayıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına başlayıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, elan 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında ( www.maarifci.az) qeyd olunub.

Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür.

Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək.

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Qeyd edək ki, birinci elan sessiyasında fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb.

Son xəbərlər

Orphus sistemi