Kurikulum əsasında qiymətləndirmə vasitələrinin işlənməsinə dair hazırlıq kursları yaradılır

Kurikulum əsasında qiymətləndirmə vasitələrinin işlənməsinə dair hazırlıq kursları yaradılır Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 manatdır
Elm və təhsil
15 Sentyabr , 2017 12:27
Kurikulum əsasında qiymətləndirmə vasitələrinin işlənməsinə dair hazırlıq kursları yaradılır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 18-dən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil edəcək. 

DİM-dən "Report"a verilən məlumata görə, kurslar Bakıda, eləcə də mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional Bölmələrində olacaq. 

Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Məlumata görə, hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. DİM-dən bildirilib ki, kurslarda iştirak etmək istəyənlərin elektron “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment. dim.az saytında verilmişdir) yararlanmaq olar. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları mərkəzin elektron “Məlumat bazası”na daxil edilir və onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar üçün hazırlıq kursları ödənişsizdir. Elektron qeydiyyatla bağlı hər hansı sual yaranarsa, Mərkəzin Abdulvahab Salamzadə 28, ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərsiniz (telefon nömrəsi:431-63-86/87/91( daxili nömrə: 1-32)) .

Son xəbərlər

Orphus sistemi