Komitə sədri: "Ölkəyə gətirilən elmi avadanlıqlar vergidən azad edilməlidir”

Komitə sədri: "Ölkəyə gətirilən elmi avadanlıqlar vergidən azad edilməlidir” "Elm haqqında" yeni qanun layihəsi ikinci oxunuşda parlamentin müzakirəsinə tövsiyə olunub
Elm və təhsil
27 Yanvar , 2016 14:18
Komitə sədri: Ölkəyə gətirilən elmi avadanlıqlar vergidən azad edilməlidir”

Bakı. 27 yanvar. REPORT.AZ/ “Bütün elmi təşkilatlara mütləq şəkildə əlavə investisiyalar cəlb olunmalıdır. Bunun hansı şərtlərlə həyata keçirilməsi ilə bağlı “Elm haqqında” qanun layihəsinə yeni müddəalar əlavə olunub”. “Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyası üçün ilk iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, qanun günün tələblərinə cavab verməlidir: “Yoxsa qəbul olunan qanun sənəd olmaqdan başqa bir işə yaramaz. Bundan başqa, ali təhsil müəssisələrinin mövcud reallıqlara uyğun tədqiqat universitetləri yaratmaq ideyası yaxşı fikirdir. Bunun üçün lazım olan vəsait dövlət büdcəsinin vəziyyətindən asılı olmalıdır. Yəni, Prezident İlham Əliyev nə vaxt dövlət büdəsinin artırılması barədə sərəncam imzalasa, o zaman bu məsələni gündəmə gətirmək, həyata keçirmək mümkün olar. Amma hazırda bu məsələ real görünmür. Hesab edirəm ki, gələcəkdə bunu həyata keçirmək mümkün olacaq. Eyni zamanda, qrantlar hesabına ölkəyə gətirilən zəruri avadanlıqlar üçün tutulan vergilərə ya güzəşt tətbiq olunmalı, ya da bütövlükdə vergidən azad edilməlidir”. 

Komitənin sədr müavini, deputat Bəxtiyar Əliyev vurğulayıb ki, XXI əsr bilik və informasiya əsridir: “Əgər biz bilikli gənclər hazırlamasaq, o zaman ölkənin gələcəkdə neftdən asılılığı hər zaman qalacaq, həmçinin Azərbaycanın yüksək texnologiyalar cəmiyyətinə çevrilməsi böyük sual altına düşəcək. Ona görə də dövlət büdcəsinin əsas hissəsinin elmə və təhsilə yönəlməsi vacibdir”.
Çıxış edən digər deputatlar qanun layihəsinə bir sıra əlavə və düzəlişlər təklif ediblər. 
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi