Qərib Məmmədov: "Kadastrın mükəmməlliyi onun kompüterin monitorunda gözəl görünməsi deyil"

Qərib Məmmədov: "Kadastrın mükəmməlliyi onun kompüterin monitorunda gözəl görünməsi deyil" "Avropa ölkələrinin kadastr sistemini cəmi 15 il tarixi olan bizim kadastr sistemi ilə müqayisə etmək praktik cəhətdən mümkün deyil"
Elm və təhsil
8 May , 2015 15:55
Qərib Məmmədov: Kadastrın mükəmməlliyi onun kompüterin monitorunda gözəl görünməsi deyil

Bakı. 8 may. REPORT.AZ/ "Bu gün statistik göstəricilərin nəinki inzibati ərazi vahidlərinə, hətta ünvan məlumatlarına bağlanması artıq kobud səhv hesab olunur. Ona görə də bütün məlumatlar koordinatora bağlanmalıdır". "Report" xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri, AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədov "Heydər Əliyevin aqrar-torpaq islahatları Azərbaycanı dünyada mövqeləndirən başlıca faktorlardan biri kimi" adlı məqaləsində yazıb.

O bildirib ki, növbəti çətinlik işlərin aparılması zamanı toplanan materialların müxtəlif formatlı rəqəmsal xəritələr üzərində olmasıdır: "Kadastrın mükəmməlliyi onun kompüterin monitorunda gözəl görünməsi və yaxud ən müasir proqramdan istifadə olunması deyil. Ölkə kadastrının keyfiyyəti onun naturada mükəmməlliyi ilə təyin olunur. Odur ki, yüz illərlə tarixi olan Avropa ölkələrinin kadastr sistemini cəmi 15 il tarixi olan Azərbaycanın kadastr sistemi ilə müqayisə etmək praktik cəhətdən mümkün deyil".

Q.Məmmədov qeyd edib ki, uçot sistemi ilə bağlı bir sıra hallarda yeni çöl tədqiqatlarının aparılması tələb olunur: "Son illərdə aparılan bütün işlər çöl tədqiqatları üçün götürülən kəsimlərin koordinata bağlanması əsasında aparılır. Bu istiqamətdə hətta elmi tədqiqatlar aparılır və dissertasiyalar müdafiə olunur. Bu, ən müasir çağırışlardandır. Yəqin ki, bir sıra qanunvericilik aktlarında da bununla bağlı dəyişiklər edilməlidir. Biz geoməkan məlumatlarının idarəolunması proseslərində yaşadığımız ən böyük çətinliyin məhz analiz olduğunu və bunun başlıca səbəbinin xəritələrin müxtəlif formatlı olması ilə şərtləndiyini qeyd etmişik. Məsələnin həlli üçün vahid sistemin hazırlanması və mövcud materialların uyuşanlığının təmin edilməsi istiqamətində fəaliyyətimizi sürətləndirməliyik".

O, həmçinin qeyd edib ki, Azərbaycanın Azərsky peykinin məlumatlarından istifadə prioritet texnoloji məsələlərdəndir: "AZPOS sisteminin də gördüyümüz işlərin keyfiyyətinin yüksəldilməsinə önəmli töhfə verəcəyi şübhəsizdir. Bu gün nəinki mülki işlərdə, hətta hərbi geodeziya məsələlərin həllində də Azərsky peykinin imkanlarından yararlanmaq üçün intensiv işlər aparılır. Tələb olunan kosmik təsvirlərə qoyulan tələblər müəyyənləşdirilir, istifadə sahələri ilə bağlı dəqiqləşdirmələr aparılır". 

Son xəbərlər

Orphus sistemi