Bakı. 18 dekabr. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav və missiya rəhbərinin müavini Arnir Rom bu gün Azərbaycan Tibb Universitetində (ATU) olublar.
ATU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, universitetin tədris işləri üzrə prorektoru Sabir Əliyev ATU-nun fəaliyyəti barədə qonaqlara məlumat verib.
O bildirib ki, ali təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayb.
ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verən prorektor deyib ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır: "Hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin xarici ölkələrin 1000-dən çox vətəndaşları olan tələbələr təhsil alırlar".
ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev hazırda ATU-da 4 İsrailli tələbənin təhsil aldığını bildirib.