"Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı başlayıb

"Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı başlayıb Bilik yarışında qalib gələcək komandalara Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyə və diplomlar veriləcək
Elm və təhsil
10 Noyabr , 2015 15:23
Heydər Əliyev və Azərbaycan tarixi adlı II ümumrespublika bilik yarışı başlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində ali məktəb tələbələri arasında ənənəvi "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışına start verilib. Bu barədə "Report"a Təhsil Nazirliyindən bildirilib.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği məqsədi daşıyır.

Yarışda ölkənin ali məktəblərində təhsil alan tələbələrdən ibarət komandalar iştirak edirlər. Bu il hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparır. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı var. Qeyd edək ki, ötən il keçirilən bilik yarışına 44 komanda qatılıb.

3 turdan ibarət yarışın hər turunda 12 sual səsləndiriləcək. Suallar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövləri ilə bağlı mövzuları əhatə edəcək. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən ediləcək.

Qeyd edək ki, yarış ərəfəsində bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, zəngin foto və video materiallarla yanaşı, arxiv sənədləri əsasında da araşdırma aparıblar.

Bilik yarışında I, II və III yerləri qazanacaq komandalar Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyə və diplomlarla təltif olunacaqlar. Tədbirin digər iştirakçılarına xüsusi iştirakçı sertifikatları təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi