Geologiya və Geofizika İnstitutu bu il üçün 4 magistr qəbul etməyə hazırlaşır

Geologiya və Geofizika İnstitutu bu il üçün 4 magistr qəbul etməyə hazırlaşır Yeni gənc alimlərin təhsili üçün müəssisədə lazımi imkanlar yaradılıb
Elm və təhsil
29 Fevral , 2016 20:37
Geologiya və Geofizika İnstitutu bu il üçün 4 magistr qəbul etməyə hazırlaşır

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) 2016-2017-ci il təhsil müddətində 4 magistr qəbul etməyə hazırlaşır. İnstitutdan "Report"a verilən məlumata görə, qəbul planını AMEA Rəyasət Heyəti təsdiq edib.

İnstitutun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov bildirib ki, yeni gənc alimlərin təhsili üçün müəssisədə lazımi imkanlar yaradılıb: "Burada magistrlar maaşla təmin olunur, elmin konkret istiqaməti üzrə daha irəli getmiş alimlərdən dərs alır, onlarla birgə çöl işlərində iştirak edir, işi birbaşa tədqiqat başında öyrənə bilirlər. GGİ-nin müasir elmi-texniki avadanlıqlardan ibarət laboratoriyalarında magistrlar üçün iş şəraiti yaradılıb.

Bundan əlavə, institutda çalışan gənclər təcrübələrini artırmaq üçün dünyanın qabaqcıl elmi mərkəzlərində qısa və uzun müddətli təlimlərə qatılır, ixtisasartırma proqramları, konfrans və seminarlarda iştirak edir, həmçinin xarici həmkarları ilə əlaqələr quraraq distant şəkildə də təcrübələrini artıra bilirlər. Gənc tədqiqatçılar üçün ingilis dili kursları təşkil olunur və onlar əcnəbi həmkarlarla ünsiyyət mühitində xarici dil bacarıqlarını da inkişaf etdirirlər. Bütün bunların nəticəsində magistrlar GGİ-də öz ixtisasları üzrə sənət əldə etmək, təcrübəli kadr kimi yetişmək imkanı qazanırlar".

D.Hüseynov onu da qeyd edib ki, 3 il əvvəl Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlanmış müqavilələr əsasında GGİ-də həmin təhsil müəssisələrinin müvafiq fakültələrinin baza kafedraları təşkil olunub və indiyə qədər burada magistrlara dərslər keçilir. Bu təcrübə genişləndirilərək, 2015-ci ildə TQDK tərəfindən təşkil olunmuş test üsulu ilə GGİ-yə ilk magistr qəbul olunub və hazırda qış sessiyasını uğurla başa vurub.

Son xəbərlər

Orphus sistemi