“Gənc Avropa Səfiri” olmaq üçün müraciətlərin qəbuluna başlanılıb

“Gənc Avropa Səfiri” olmaq üçün müraciətlərin qəbuluna başlanılıb Müraciət üçün son gün sentyabrın 15-dir
Elm və təhsil
1 Sentyabr , 2017 14:48
“Gənc Avropa Səfiri” olmaq üçün müraciətlərin qəbuluna başlanılıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Şərq Qonşuluğu dövlətlərində yaşayan, yaşı 18-dən 25-ə qədər olan gənclər “Gənc Avropa Səfiri” (GAS) olmaq üçün müraciət etməyə dəvət olunurlar.

"Report"un məlumatına görə, “Aİ-nin Şərq Qonşuluğu” layihəsinin icra etdiyi bu təşəbbüs ingilis dilində sərbəst danışan, Aİ və ya Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) vətəndaşı olan fəal və həvəsli gənclər üçün nəzərdə tutulub.

Müraciət edənlər Aİ məsələləri və ölkələrinin bu təşkilatla tərəfdaşlığı ilə maraqlanan şəxslər olmalıdır. Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək və öz ölkələrinin gənclərini təmsil etmək imkanını qazanacaq. Onlar təcrübə mübadiləsi aparacaqlar, gənclərə birbaşa aidiyyatı olan məsələləri müzakirə edəcəklər, ən yaxşı təcrübələri bölüşəcəklər və ölkələrinin, eləcə də yaşadıqları regionun daha yaxşı gələcəyi üçün birlikdə çalışacaqlar.

Müraciət üçün son gün sentyabrın 15-dir. 

Birinci seçimlər 2016-cı ilin sentyabr ayında baş tutub. O zaman müraciət etmiş 800 gəncdən 100-ü GAS seçilib. Ötən il ərzində gənc səfirlər bir sıra tədbirlərdə fəal iştirak edib. Onlar arsında Azərbaycanda iki dəfə keçirilmiş AvroMəktəbləri, Ermənistan və Moldovada məktəb və universitetlərə səfərləri, eləcə də gənc səfirlərin Brüsseldə bir araya gəlməsi və Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə görüşlərini qeyd etmək olar.

"Gənc Avropa Səfirləri" təşəbbüsü "Gənc Avropa Qonşuluğu" şəbəkəsinin bir parçasıdır. Şəbəkəni Aİ-nin maliyyələşdirdiyi "Açıq qonşuluq – daha güclü tərəfdaşlıq üçün ünsiyyət: Şərq qonşuluğu ölkələrinin vətəndaşları ilə əlaqələrin qurulması" (Aİ-nin Şərq Qonşuluğu) layihəsi yaradıb.        

Son xəbərlər

Orphus sistemi