“Gələcəyin mühəndisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Gələcəyin mühəndisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb Bakı məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinin qalibləri müəyyənləşib.
Elm və təhsil
15 Aprel , 2019 17:49
“Gələcəyin mühəndisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı məktəbliləri arasında keçirilən “Gələcəyin mühəndisi” müsabiqəsinin qalibləri müəyyənləşib.

"Report"un məlumatına görə, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı çərçivəsində, Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos” ASC, Bakı Dövlət Universiteti və Park Bulvar AVM-in dəstəyi ilə 12 aprel “Ümumdünya Kosmonavtika günü”nə həsr olunan ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib.

Müsabiqə 2018-ci il noyabrın 15-dən 2019-cu ilin aprelin 12-dək davam edib.

Məktəblilər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqənin seçim mərhələsi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində həyata keçirilib. Təşkilat Komitəsi tərəfindən yaradılan astrofiziklər, mühəndislər və mütəxəssislərdən ibarət olan münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər. 

Münsiflər heyətində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə,TUSİ-BOHM Planetariumunun direktoru Famil Mustafa, Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Mirnamik Bəşirov, "Azərkosmos"un peyk mühəndisi Böyükbəy Vəzirov, Milli Aviasiya Akademiyasının böyük elmi işçisi Fuad Dadaşov təmsil olunublar.

“Gələcəyin mühəndisi” müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdləri arasında 2 yaş qrupu çərçivəsində (fərdi və qrup şəklində) keçirilib. Müsabiqədə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maket ilə çıxış ediblər.

Müsabiqənin mükafatlandırma mərasimi Park Bulvar AVM-də olub. Tədbir çərçivəsində “Kosmonavtika günü” təntənəli şəkildə qeyd edilib. 1-ci yaş qrupu üzrə V-VIII sinif şagirdləri arasında I yerə – 25 bal ilə 103 saylı tam orta məktəbin şagirdi Firudin Musalı, II yerə – 24 bal ilə 167 saylı tam orta məktəbin şagirdi Tuqay Xəlilli, III yerə isə 22 bal ilə İ.Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Hidayətzadə İmran layiq görülüb. 2-ci yaş qrupu üzrə IX-XI sinif şagirdləri arasında I yerə – 19 bal ilə təqdimatının orijinallığı ilə fərqlənən 91 saylı tam orta məktəbin şagirdləri Alıyeva Lalə və Matveyeva Fatimə; II yerə – 19 bal ilə 329 saylı tam orta məktəbin şagirdi Məmmədli Səid, III yerə isə 18 bal ilə 7 saylı tam orta məktəbin şagirdi Əliyev Ağabaqir layiq görülüb.

Müsabiqə nəticəsində yaş qrupları üzrə I yerə layiq görülənlər 500 manat, II yerə - 350 manat, III yer isə 250 manat dəyərində pul mükafatı, diplom və hədiyyələr ilə təltif olunublar. Müsabiqədə iştirak edən digər məktəblilər isə sertifikat və hədiyyələr ilə mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi