​Fransız-Azərbaycan Universitetinə imtahanın nəticələri açıqlanıb

​Fransız-Azərbaycan Universitetinə imtahanın nəticələri açıqlanıb Abituriyentdən 120 nəfəri dövlət sifarişli, 40 nəfəri isə ödənişliyə daxil olaraq UFAZ-ın tələbəsi olmaq imkanı əldə edib
Elm və təhsil
29 İyul , 2016 17:12
​Fransız-Azərbaycan Universitetinə imtahanın nəticələri açıqlanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Fransız-Azərbaycan Universitetinə (UFAZ) imtahanın nəticələri açıqlanıb. 

ADNSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 280 nəfər imtahan verən abituriyentdən 120 nəfəri dövlət sifarişli, 40 nəfəri isə ödənişliyə daxil olaraq UFAZ-ın tələbəsi olmaq imkanı əldə edib. İmtahanda uğur əldə etmiş tələbələrin kimliyi ilə http://ufaz.edu.az/?page_id=864 linki vasitəsilə keçid edərək tanış olmaq mümkündür. İmtahan nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da apellyasiya ilə müraciət edə bilər.

İmtahandan uğur əldə etmiş gənclər iyulun 31-i və avqustun 1-də ADNSU-ya gələrək sənədlərini təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək. UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olunmuş gənclərin adlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr TQDK-ın təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Xatırladaq ki, 2016/2017-ci tədris ilində, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter elmləri, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi