Bakı. 15 noyabr. REPORT.AZ/ XX əsrin görkəmli fransalı riyaziyyatçısı Aleksandr Qrotendik 87 yaşında dünyasını dəyişib.
"Report" xəbər verir ki, alim cəbr həndəsəsinə verdiyi inqilabi töhfələr, həmçinin ədədlər və dərəcələr nəzəriyyələri, o cümlədən homoloji cəbr üzrə əldə etdiyi mühüm nailiyyətləri ilə məşhurdur.
Qrotendik Sen-Jiron şəhər xəstəxanasında vəfat edib. Riyaziyyatçı ora 1990-cı ilin əvvəllərində köçüb və qapalı həyat tərzi sürüb.
Qrotendik Almaniyada, yəhudi ailəsində dünyaya gəlib. Onun əslən rusiyalı olan atası, 1942-ci ildə nasist düşərgəsində vəfat edib.
Gənc oğlan mühəribədən sonra Monpelyedə universiteti bitirib, daha sonra Parisə köçüb və burada Nikolya Burbaki təxəllüsü ilə fəaliyyət göstərən əfsanəvi riyaziyyatçılar qrupuna daxil olub.