Əqli Mülkiyyət Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin Əqli Mülkiyyət Agentliyinin nəzdində BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının filialının yaradılması haqqında müqavilə imzalanıb.
"Report"un xəbərinə görə, Anlaşma Memorandumu və müqaviləni Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.
K.İmanov qeyd edib ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən “Əqli mülkiyyət hüququ” ixtisaslaşmasının yaradılması təşəbbüsü irəli sürülüb. 2019-cu ildə ixtisaslaşma Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na daxil edilib.
E.Babayev bildirib ki, əqli mülkiyyətin mühafizəsi sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu il 16 dekabr tarixində Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə respublikada ilk dəfə olaraq BDU-da Əqli mülkiyyət hüququ kafedrası yaradılıb. Hazırda kafedrada 5 professor-müəllim çalışır:
"Təhsil-elm-istehsalat əlaqələrinin genişləndirilməsi ilə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məqsədilə BDU ilə bərabər Agentlikdən 4, Dövlət Neft Şirkətindən 1 və Mərkəzi Bankdan 1 mütəxəssis tədris prosesinə cəlb olunub".
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə kreativ düşüncəli mütəxəssislərin hazırlanması məqsədilə 2021-ci il 30 yanvar tarixində BDU ilə Fransanın Lion 2 Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Ötən il iyunun 18-də isə beynəlxalq ikili diplom proqramı üzrə imzalanmış müqavilə əsasında BDU ilə Fransanın Lion 2 Universiteti arasında “Əqli mülkiyyət hüququ” ixtisaslaşmasında kadr hazırlığı həyata keçirilir.
İxtisaslaşmanın tədris planına dünya əmək bazarının tələblərinə uyğun olan və bir çox dünya ölkələrinin qabaqcıl universitetlərində tədris edilən fənlər - Əqli mülkiyyət hüququnun müasir problemləri; Əqli mülkiyyət hüququ sahəsində Hüquq İnstitutları; Mədəniyyətin qorunması hüququ; Müəllif hüquqları və əlaqəli hüquqlar; Ticarət nişanı hüququ; Patent hüququ və sirrin qorunması; Avropa əqli mülkiyyət hüququ; Beynəlxalq xüsusi hüquq və s. daxil edilib. Tədris prosesinə Fransanın Lion 2 Universitetindən 3 professor-müəllim cəlb olunub.
İxtisaslaşma üzrə ikili diplom proqramı çərçivəsində tədrisin ingilis və fransız dillərində aparıldığını nəzərə alaraq, fransız dilinin aparıcı mütəxəssislər tərəfindən tədris edilməsi və BDU-da intensiv fransız dili kurslarının təşkil olunması məqsədilə BDU və Azərbaycanda Fransız İnstitutu arasında müvafiq razılıq əldə edilib. Hazırda ixtisaslaşma üzrə 18 tələbə təhsil alır. Bu tədris ilində “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk buraxılış olub, 9 tələbə məzun adını qazanıb.
İmzalanan Anlaşma Memorandumuna əsasən, tərəflər tədris prosesinin elmi təcrübə ilə əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi; tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması; əqli mülkiyyət hüququ elmi sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi; müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılmasına dəstək, İkitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili; elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi; əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində müxtəlif auditoriyalar üçün maarifləndirmə tədbirlərinin təşkili sahəsində əməkdaşlıq edəcəklər.
Əqli Mülkiyyət Agentliyinin nəzdində BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının filialının yaradılmasında məqsəd Universitetdə tədris prosesinin elmi təcrübə ilə əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, əqli mülkiyyət hüququ elmi sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, Universitet və Agentlik arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsidir.



