Elmin İnkişafı Fondu Belarusla elmi əlaqələri gücləndirir

Elmin İnkişafı Fondu Belarusla elmi əlaqələri gücləndirir Bakıda gələn il Belarus alimlərinin elmi nailiyyətlər sərgisi keçiriləcək
Elm və təhsil
13 İyun , 2017 15:48
Elmin İnkişafı Fondu Belarusla elmi əlaqələri gücləndirir

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ötən illərdə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu ilə uğurlu əməkdaşlıq edib.

Fondun mətbuat xidmətin “Report”a verilən məlumata görə, bu ilin mart ayında Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç Elmin İnkişafı Fondunda olarkən, Azərbaycan və Belarus alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyi barədə tərəflər arasında razılığa gəlinib.

Belarusun Azərbaycandakı səfirliyindən Elmin İnkişafı Fonduna bu günlərdə daxil olan rəsmi məlumata əsasən, Elmin İnkişafı Fondunun irəli sürdüyü təşəbbüs üzrə əldə edilən razılaşmalar artıq reallaşdırılmaq üzrədir.

Bu ilin oktyabr-noyabr aylarında Minskdə tərəflərin təşkilatçılığı ilə Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi 1-ci konfransın davamı olaraq 2-ci Azərbaycan-Belarus elmi konfransının keçirilməsi qərara alınıb. Konfransda birgə qrant layihələri üzə alınmış nəticələrin xüsusi müzakirəsi planlaşdırılır.

Bakıda gələn il Belarus alimlərinin elmi nailiyyətlər sərgisi keçiriləcək.

Hazırda 2017-ci ildə elan olunmuş 2-ci Azərbaycan–Belarus birgə beynəlxalq qrant müsabiqəsi üzrə daxil olmuş layihələrin elmi ekspertizası işi həyata keçirilir və nəticələrin cari ilin sentyabr ayında açıqlanması nəzərdə tutulur.

Azərbaycan və Belarus arasında siyasi və iqtisadi sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlıq yeni dövrün tələblərinə uyğun olaraq qurulub, müvafiq sazişlər imzalanıb, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində Azərbaycan və Belarusun fondları birgə müsabiqələr təşkil edərək keçirib. 

Son xəbərlər

Orphus sistemi