Elmar Qasımov I qrup üzrə ən yüksək bal toplayan tələbələrlə görüşüb

Elmar Qasımov I qrup üzrə ən yüksək bal toplayan tələbələrlə görüşüb Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali təhsil müəssisələrinin I ixtisas qrupuna daxil olan ixtisaslar üzrə ən yüksək bal toplayaraq BANM-də təhsil almaq istəyən abituriyentlər və onların valideynləri ilə görüşüb.
Elm və təhsil
896
10 Sentyabr , 2020 11:14
Elmar Qasımov I qrup üzrə ən yüksək bal toplayan tələbələrlə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali təhsil  müəssisələrinin I ixtisas qrupuna daxil  olan  ixtisaslar üzrə ən yüksək bal toplayaraq BANM-də təhsil almaq istəyən abituriyentlər və onların valideynləri ilə görüşüb.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, görüşdə I ixtisas  qrupu üzrə maksimal 700 balı toplayan Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev, 697 bal toplayaraq I ixtisas qrupunun ikincisi olan Binəqədi rayonu, 297 saylı orta məktəbin məzunu Nahid Nuri, 690 bal toplayan Kəlbəcər rayonu, 108 nömrəli tam orta məktəbin məzunu Şahbazzadə Zərifə və onların valideynləri iştirak ediblər.

Elmar Qasımov ilk olaraq onları buraxılış və qəbul imtahanlarında göstərdikləri yüksək nəticə münasibətilə təbrik edib. I ixtisas qrupu üzrə II mərhələdə 12 nəfərin 400 bal toplamaqla ən yüksək nəticə göstərdiklərini qeyd edən rektor onlardan hər iki mərhələnin cəminə görə ən yüksək balları (700 və 697) toplayan abituriyentlərin Bakı Ali Neft Məktəbini seçməsini Ali Məktəbin uğuru kimi qiymətləndirib.

Rektor böyük rəqabətin qeydə alındığı I qrup üzrə ən yüksək bal toplayan abituriyentlərin  hər zaman Bakı Ali Neft Məktəbini seçdiklərini xatırladıb. O, abituriyentlərin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasında  böyük rol oynayacağını vurğulayıb.

“Sizin bu uğurunuzda oxuduğunuz orta təhsil müəssisələrinizin, müəllimləriniz və valideynlərinizin də xüsusi zəhməti danılmazdır. Fürsətdən istifadə edib onların hər birinə təşəkkür edirəm. Biz də öz növbəmizdə çalışacağıq ki, Bakı Ali Neft Məktəbində sizi həyata və dünyaya hazırlayaq. Siz burada akademik biliklərlə yanaşı, yüksək intellektə, dünyagörüşə, sosial bacarıqlara, iş təcrübəsinə yiyələnəcəksiniz”- deyə rektor əlavə edib. 

Görüşdə iştirak edən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov abituriyenlərə gələcək təhsil və karyeraları ilə bağlı tövsiyələr verib və müəllifi olduğu kitabları hədiyyə edib.

Abituriyenlərin hər biri yaradılmış yüksək tədris şəraiti, beynəlxalq proqrama uyğun təhsil, təcrübə və iş imkanları baxımından Bakı Ali Neft Məktəbini seçdiklərini bildiriblər.

Valideynlər Ali Məkəblə tanışlıq, səmimi qəbul, diqqət və qayğı üçün minnətdarlıqlarını bildirib, 5 il sonra övladlarının ölkəmizə layiqli kadr kimi yetişəcəklərinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, Hüseyn Abdullayev və  Nahid Nuri İnformasiya təhlükəsizliyi ixtisasını, Zərifə Şahbazzadə isə Neft-qaz mühəndisliyi ixtisasını seçəcək.

Son xəbərlər

Orphus sistemi