Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçdi

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçdi Ali təhsil  müəssisələrinin I ixtisas qrupuna daxil olan ixtisaslar üzrə yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbində təhsil almaq istəyən abituriyentlər arasında əkiz qardaşlar da var.
Elm və təhsil
17 Sentyabr , 2020 11:13
Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçdi
Vüqar və İlqar Nəsirli

Ali təhsil müəssisələrinin I ixtisas qrupuna daxil olan ixtisaslar üzrə yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaq istəyən abituriyentlər arasında əkiz qardaşlar da var.

BANM-dən "Report"a verilən məlumata görə, Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı məktəbdə təhsil almış Vüqar və İlqar Nəsirli qardaşları orta məktəbi 2020-ci ildə fərqlənmə attestatıyla bitiriblər.

Təhsil aldıqları müddətdə dəfələrlə “İlin şagirdi” seçilib, müxtəlif fənn olimpiadaları üzrə əsas yerlərin qalibi olublar.

“Poliqon”, “Nə? Harda? Nə zaman?”, “Xəmsə” kimi müxtəlif intellektual yarışlarda, eləcə də “Əlaçı” verilişində iştirak ediblər.

Təhsil aldıqları müddətdə məktəbdə dəfələrlə intelektual yarışmalar keçirib və müxtəlif mükafatlarla təltif olunublar.

Bu il keçirilən qəbul imtahanlarında İlqar Nəsirli 656,2, Vüqar Nəsirli isə 645 bal toplayıb. Onların hər ikisinin də məqsədi Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil almaqdır.

Qeyd edək ki, ötən tədris ilində də Bakı Ali Neft Məktəbinə Kürdəmirdən olan əkiz qardaşlar qəbul olmuşdu. Qardaşlardan Rəşad Azadlı Neft-qaz mühəndisliyi ixtisası üzrə 679.3 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdü.


Son xəbərlər

Orphus sistemi