“Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib

“Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislərin keçirdiyi “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq olub.
Elm və təhsil
15 Oktyabr , 2021 16:22
“Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislərin keçirdiyi “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq olub.

“Report”un İsmayıllıya ezam olunan əməkdaşı xəbər verir ki, tanışlıq məqsədilə Təhsil Nazirliyi İsmayıllı rayonuna mediatur təşkil edib.

Media təmsilçilərinin iştirak etdiyi mediaturda təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, iştirak ediblər.

Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub. Daha sonra mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib. Təlim iştirakçıları sahədə dronların uçuşunu həyata keçirib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev bildirib ki, təlimlər Agentliyin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə israilli mütəxəssislər tərəfindən keçirilir: “Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək”.

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov isə qeyd edib ki, oktyabrın 19-dək davam edəcək təlimlərə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim qatılıb: “Təlimdə 11 kənd təsərrüfatı dronu, 8 monitorinq və xəritələnmə aparatları istifadə olunur. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər”.

İsrailli mütəxəssis Düdik Olfmayn vurğulayıb ki, Azərbaycanda yeni texnologiyanın istifadəsinin təlimi üçün buradadır: “Təlimdə istifadə olunan dronların qiyməti ölçüsünə görə dəyişir. 20 min dollara qədər qiyməti olan dron var. 5 günə yaxındır buradayam və təlimçilərin götürümləri olduqca yaxşıdır. Artıq dronların istifadəsini həyata keçirə bilirlər”.

Peşə Təhsil Mərkəzi ilə tanışlıqdan sonra İsmayıllıda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Mediatur iştirakçıları Şəhidlər xiyabanını, həmçinin İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi, şəhid Famil Əhmədzadənin məzarını da ziyarət ediblər.

Daha sonra İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətində Şəhidlər abidəsi ziyarət edilib və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Zəfər Gününə həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası həyata keçirilib.

Mediatur çərçivəsində İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib. Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.

Nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsindəki qalibiyyətdən söz açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında olan Qarabağın azad edilməsi ilə çağdaş tariximizə şanlı səhifə yazılıb.

Zəfərin qazanılmasında təhsil işçilərinin roluna xüsusi toxunan Firudin Qurbanov 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

Şəhidlərin əziz xatirəsinin hər an qəlbimizdə yaşayacağını vurğulayan Firudin Qurbanov çıxışının sonunda Vətən müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edib, onların hər birinin gələcək nəsillər üçün nümunə olduğunu deyib.

Görüşdə iştirak edən media qurumlarının rəhbərləri çıxışlarında Azərbaycan gənclərinin döyüşçü müəllimlərdən təhsil alaraq daha vətənpərvər yetişəcəklərinə inamlarını ifadə edib, təhsil işçilərinə təşəkkür ediblər. Tədbirdə həmçinin Vətən müharibəsi iştirakçısı olan müəllimlərin xatirələrindən ibarət kitabın çap olunması ideyası səslənib.

Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış edərək xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.

Sonda mediatur iştirakçıları 14 oktyabrda anım günü olan şəhid müəllim Famil Əhmədzadənin ailəsini ziyarət ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhid müəllimimizin valideynlərinə belə bir oğul böyütdükləri üçün təşəkkür edib, onlara başsağlığı diləklərini çatdırıblar və şəhidlərimizin əziz xatirəsinin hər zaman yad ediləcəyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi