Dilçilik İnstitutunun direktoru dəm qazından zəhərlənərək ölüb

Dilçilik İnstitutunun direktoru dəm qazından zəhərlənərək ölüb Hadisə baş verərkən evdə heç kim olmayıb
Elm və təhsil
27 Noyabr , 2015 12:31
Dilçilik İnstitutunun direktoru dəm qazından zəhərlənərək ölüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın türkoloq alimi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev dünyasını dəyişib. Bu barədə “Report”a onun ailəsindən məlumat verilib.

O, hamamda olarkən dəm qazından zəhərlənib. Hadisə baş verərkən evdə heç kim olmayıb.

Bu gün saat 12.00-da T.Hacıyevin sədrliyi ilə Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclası keçirilməli idi. İclasa bir neçə dəqiqə qalmış institut işçilərinə alimin ölümü ilə bağlı məlumat verilib.

Allah rəhmət eləsin!

Tofiq İsmayıl oğlu Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. 1958-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. T.Hacıyev həm dil, həm də ədəbiyyat məsələləri ilə məşğul olub. T.Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif kimi iştirak edib. Alim 33 kitabın, 300-dən çox elmi məqalənin müəllifidir. 1984-cü ildən BDU-da Türkologiya kafedrasına rəhbərlik edib. 1993-cü ildə Azərbaycan Maarif naziri vəzifəsində işləyib. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvüdür. 1998-ci ildə Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" (orden) ilə təltif olunub. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik "Türk dünyası ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir. 2002-ci ildə Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin "Türk dünyasına xidmət" ödülünün sahibi olub. 2004-cü ilin mayında Qaraman Türk Dili mükafatına, 2004-cü il iyulun 17-də Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülüb. Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. SSRİ dövründə Sovet Türkoloqlar Komitəsinin və SSRİ universitetləri elmi-metodik ali filoloji şurasının üzvü olub. İki cildlik "Dədə Qorqud kitabı ensiklopediyası"nın aparıcı müəlliflərindən biri və birinci cildinin (Bakı, 2000) redaktorudur. "Üzeyir Hacıbəyov ensiklopediyası" (Bakı, 1996) və AMEA-nın altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindəndir. Prezident İlham Əliyevin latın qrafikalı kitabların çap olunması haqqında sərəncamı ilə bağlı dörd kitabın tərtibçisi və redaktoru olub. Əməkdar elm xadimidir, AMEA-nın həqiqi üzvüdür. 2014-cü ilin dekabr ayından "Türkologiya" jurnalının baş redaktoru olub.

Son xəbərlər

Orphus sistemi