Dilçilik İnstitutu teleradio aparıcıları və diktorları üçün təlimlər keçirəcək

Dilçilik İnstitutu teleradio aparıcıları və diktorları üçün təlimlər keçirəcək Şahlar Məmmədli: "Bu təlimlər Dilçilik İnstitutu ilə MTRŞ-nın birgə fəaliyyətinin nəticəsidir"
Elm və təhsil
9 May , 2015 08:51
Dilçilik İnstitutu teleradio aparıcıları və diktorları üçün təlimlər keçirəcək

Bakı. 9 May. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu teleradio aparıcıları və diktorlarının nitqinin inkişaf etdirilməsi, dil qüsurlarının aradan qaldırılması məqsədilə təlimlərə başlayacaq. Bu barədə "Report" institutun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədli məlumat verib.

O bildirib ki, təlimlər dilçiliyin inkişaf etdirilməsinə dair dövlət proqramına uyğun olaraq həyata keçiriləcək. 

Ş.Məmmədli deyib ki, Dilçilik İnstitutu kursların təşkili üçün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə məktub göndərib: "Bu təlimlər Dilçilik İnstitutu ilə MTRŞ-nın birgə fəaliyyətinin nəticəsidir. Aparıcıların və diktorların təlimlərdə iştirakına, tərkibin formalaşmasına MTRŞ nəzarət edəcək. Proqram 18 saat olmaqla may ayının 18-dən 29-dək 2 həftəlik dövrü əhatə edəcək. Təlimlər həftənin tək günləri saat 10-dan 13-dək keçiriləcək. Təlimçilərin çoxu Dilçilik İnstitutunun mütəxəssisləridir. Başqa tanınmış mütəxəssislər də dəvət olunacaq".

Ş.Məmmədli qeyd edib ki, Monitorinq şöbəsinin hazırladığı sözügedən təlim proqramında ancaq dilin praktik tərəfi nəzərə alınıb: "2015-ci ildə və əvvəlki illərdə aparılan monitorinqlər zamanı aşkar edilmiş dil qüsurlarının təlim iştirakçıları ilə birgə müzakirəsi, konkret dil faktları əsasında mövzuların mənimsənilməsi praktik baxımdan daha səmərəli olduğu üçün təlimlərdə nəzəri məsələlərə yer verilməyəcək. Təlimlərin yorucu, cansıxıcı olmayacağını düşünürəm. Təlim kurslarının faydalı olacağı şübhəsizdir. Bu cür iş və məqsəd birliyi cəmiyyətimizdə həm dil sevgisinə, həm də dilin təbliğinə xidmət edəcək. Təqdirəlayiq haldır ki, dəvət etdiyimiz mütəxəssislər təlimçilik fəaliyyətlərinə görə qarşılıq ummurlar".

Son xəbərlər

Orphus sistemi