Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Qahirədə səfərdə olub

Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Qahirədə səfərdə olub Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin dəvəti ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Qahirə şəhərində işgüzar səfərdə olub.
Elm və təhsil
26 Oktyabr , 2021 12:48
Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Qahirədə səfərdə olub

Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin dəvəti ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Qahirə şəhərində işgüzar səfərdə olub.

Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Bildirilib ki, səfər Mərkəzin direktoru professor Sevinc Əliyevanın rəhbərliyi ilə Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun artırılması və təbliği, eləcə də Azərbaycan dilinin ölkə xaricində tədris səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunub.

Ölkəmizin Misirdəki Səfirliyi və Monitorinq Mərkəzinin birgə keçirdiyi Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbirdə səfirliyin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri, Misirdə çalışan və yaşayan azərbaycanlı ailələr, eləcə də Azərbaycan dilinə xüsusi rəğbət bəsləyən misirlilər iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının müstəqillik tarixinə nəzər salınaraq ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasındakı müstəsna xidmətlər diqqətə çatdırılıb.

Həmçinin müstəqil dövlətçiliyimizin atributlarından olan Azərbaycan dili də xalqımızın əvəzsiz milli sərvəti kimi qiymətləndirilib və bu dilin hər bir soydaşımız tərəfindən göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.

Tədbirdə, eləcə də Misirdə yaşayan azərbaycanlıların ailə üzvləri və misirlilər tərəfindən doğma dilimizdə şeirlər səsləndirilib, xalq mahnıları ifa edilib.

Səfər çərçivəsində Mərkəzin direktoru professor Sevinc Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qahirə Universitetinin Şərq dilləri fakültəsində müəllim və tələbələrlə görüşüb.

Tədbirdə ərəb və Azərbaycan dilləri arasındakı qarşılıqlı əlaqə barəsində diskussiyalar aparılıb, müəllimlərin və Azərbaycan dilini öyrənən tələbələrin dilimizlə bağlı sualları cavablandırılıb. Misirli tələbələrin Azərbaycan dilinə olan rəğbəti və marağı, Azərbaycanın dilçi alimlərinin əsərləri ilə yaxından tanış olmaları xüsusilə diqqəti cəlb edib.

Digər görüş isə İsra Adilin rəhbərlik etdiyi “EPS” Dillər Mərkəzində Azərbaycan dilini öyrənən tələbələrlə olub. Tədbirin əvvəlində torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Görüş zamanı Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Səma Vəliyeva iltisaqi və flektiv dillərin müqayisəsi əsasında Azərbaycan dilinin qrammatik qanunauyğunluqları haqqında ətraflı məruzə ilə çıxış edib. Mərkəzin baş mütəxəssisi Kəmalə Mustafayeva isə Azərbaycan dilinə daha səmərəli yiyələnməyin yollarına dair təlim keçərək mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb.

Təlimdə iştirak edən tələbələr “Nizami Gəncəvi İli” çərçivəsində “Leyli və Məcnun” əsərindən hazırladıqları səhnəciyi nümayiş etdirərək dahi şairin yaradıcılığından kiçik parçalar səsləndiriblər.

Görüşdə çıxış edən professor Sevinc Əliyeva Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasını bir daha diqqətə çatdıraraq Azərbaycan dilinin saflığının qorunması ilə bağlı görülən işlər haqda geniş məlumat verib. Hər iki görüşdə Azərbaycan dilini dərindən mənimsəmələri üçün əcnəbi tələbələrə dərsliklər və dərs vəsaitləri təqdim olunub, gələcəkdə Monitorinq Mərkəzi tərəfindən təşkil olunacaq “Yay məktəbləri” barədə ətraflı məlumat verilib.

Bildirilib ki, misirli tələbələrin həmin layihədə iştirakı da təmin ediləcəkdir.

Səfər çərçivəsində Ayn-Şəms Universitetinin müəllim və tələbə heyəti ilə də görüş keçirilib və Azərbaycan dilinin tədrisi ilə bağlı geniş müzakirələr aparılıb. Professor Sevinc Əliyeva bildirib ki, Azərbaycan dilinin öyrənilməsinin səmərəliliyini artırmaq məqsədilə Monitorinq Mərkəzinin əməkdaşları yaxın vaxtlarda Azərbaycan dilini tədris etmək üçün Misirə, Ayn-Şəms Universitetinə ezam olunacaqlar.

Görüş zamanı Monitorinq Mərkəzinin baş mütəxəssisi Kəmalə Mustafayeva və aparıcı mütəxəssis Səma Vəliyeva Azərbaycan dili ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıblar. Misirdə səfərdə olan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Misirdə Azərbaycan Diaspor Mərkəzinin təşkil etdiyi kurslarda Azərbaycan dilini öyrənən tələbələrlə də görüşüb.

Bu görüşdə Azərbaycan − Misir dostluq əlaqələrindən, iki dost ölkənin xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərdən danışılıb, Mərkəzin Misirdə Azərbaycan dilinin, mədəniyyətinin təbliği işinə böyük töhfələr verəcəyi qeyd olunub, diaspor mərkəzinə Azərbaycan dili dərslikləri hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi