DİM qəbul imtahanlarının zəif təşkil olunması ilə bağlı fikirlərə münasibət bildirib

DİM qəbul imtahanlarının zəif təşkil olunması ilə bağlı fikirlərə münasibət bildirib “Həmişə olduğu kimi, bu il də imtahanların təşkil olunması peşəkar şəkildə həyata keçirilib”
Elm və təhsil
90
19 İyul , 2017 17:23
DİM qəbul imtahanlarının zəif təşkil olunması ilə bağlı fikirlərə münasibət bildirib
Report

Bakı. 19 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarının zəif təşkil olunması ilə bağlı fikirlərə münasibət bildirib.

DİM-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, imtahanların təşkili və keçirilməsində hər hansı bir problem olmayıb. 

Bildirilib ki, DİM həmişə olduğu kimi, bu il də imtahanların təşkil olunmasını peşəkar şəkildə həyata keçirib: "Hər imtahandan əvvəl bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılır”.

DİM-dən onu da bildiriblər ki, imtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçirilir və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilir: "Yəni bu işlər hər imtahandan öncə həyata keçirilir”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov qəbul imtahanlarının zəif təşkil olunması ilə bağlı fikirlər səsləndirib.