COVID-19-a yoluxan əməkdar mədəniyyət işçisi vəfat edib

COVID-19-a yoluxan əməkdar mədəniyyət işçisi vəfat edib Azərbaycanın əməkdar mədəniyyət işçisi Kamil İbrahimov vəfat edib.
Elm və təhsil
15 Aprel , 2021 12:51
COVID-19-a yoluxan əməkdar mədəniyyət işçisi vəfat edib
Kamil İbrahimov

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi Kamil İbrahimov vəfat edib.

“Report” xəbər verir ki, koronavirus infeksiyasına yoluxan K.İbrahimov müalicə aldığı xəstəxanada komaya düşüb.

Bir neçə gün komada qalan K.İbrahimov 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kamil İbrahimov 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.

K.İbrahimov 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980-88-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi vəzifəsində işləyib.

K.F.İbrahimov 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak edib. 2001-2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir neçə ali təhsil müəssisələrində dərs deyib. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru olub.

9 kitab, 100-dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifi, 12 kitabın elmi redaktoru olub.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi