Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin mütəxəssisləri hazırki vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər.
"Report" DİM-ə istinadən xəbər verir ki, əvvəlcədən elan olunduğu kimi, “Abituriyent” jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq.
İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaqdır.
Mərkəz xatırladıb ki, yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.
Yeni imtahan modeli aşağıdakı kimidir:
Fənnin adı |
Tapşırıqların tipi və sayı |
Tədris dili | – Dil qaydalarına dair 10 qapalı tapşırıq; – Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı). Cəmi:30 tapşırıq |
Riyaziyyat | – Qapalı tipli 21 tapşırıq; – Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq. Cəmi: 25 tapşırıq |
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars) | – Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı kodlaşdırıla bilən seçim formalı; – Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2‑si açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı); – Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i açıq tipli (cavabı kodlaşdırıla bilən seçim formalı). Cəmi: 30 tapşırıq |
Qeyd edək ki, Nazirlər Kabinetinin ötən gün qəbul etdiyi qərarı “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının artıq bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutur. Eyni zamanda Qərarda, buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.