Təhsil İnstitutu: "10 min nüsxə iş dəftəri satış məntəqələrinə çatdırılacaq"

Təhsil İnstitutu: "10 min nüsxə iş dəftəri satış məntəqələrinə çatdırılacaq" ARTİ tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb. Dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.
Elm və təhsil
1 Oktyabr , 2021 15:22
Təhsil İnstitutu: 10 min nüsxə iş dəftəri satış məntəqələrinə çatdırılacaq

Təhsil İnstitutu ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlayıb.

İnstitutdan "Report"a verilən məlumata görə, dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.

"Daha öncə məlumat verdiyimiz kimi iş dəftərləri institut tərəfindən “Azərpoçt” MMC-nin məntəqələrində kütləvi satışa verilib. Valideynlər və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. Bu proses gündəlik monitorinq olunur. İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir.

Son statistik məlumatlara əsasən I sinif üçün nəzərdə tutulan iş dəftərlərinin 5000 ədədinin 1 oktyabr və əlavə 5000 ədədinin 2 oktyabr tarixinə qədər (cəmi 10000 nüsxə olmaqla) Bakı şəhəri üzrə bütün satış məntəqələrinə çatdırılması planlaşdırılıb. Növbəti həftə ərzində də ehtiyac yaranan bütün məntəqələr üzrə əlavə iş dəftərlərinin təmin olunması nəzərdə tutulub" - deyə bildirilib.

Qeyd edək ki, iş dəftərlərinin paylanması bütün satış məntəqələrinə yaxın yerləşən məktəblərin şagird sayına əsasən hesablanıb. İş dəftərlərinin tapılmasında yaranan çətinliyin əsas səbəbi alıcıların daha çox əsas mərkəzi məntəqələrə üz tutmasıdır. İş dəftərlərinin satışı “Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsində və bölgələrdə olan bütün məntəqələrdə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi