Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir

Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir Bu gün əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan mərhum Şəfiqə Əlirza qızı Əliyevanın 90 illik yubileyidir.
Elm və təhsil
2388
1 Dekabr , 2020 16:28
Bu gün Şəfiqə Əliyevanın 90 illik yubileyidir
Şəfiqə Əliyeva

Bu gün Əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan mərhum Şəfiqə Əlirza qızı Əliyevanın 90 illik yubileyidir.

"Report"un xəbərinə görə, ölkədə tətbiq edilən karantin tədbirləri səbəbindən mərhumun yubileyi illərlə kimya fənnini tədris etdiyi Bakıdakı 190 saylı orta məktəbdə qeyd edilməsə də, bu gün onun şagirdləri və ailə üzvləri Şəfiqə xanımı məzarı başında anıblar.

Qeyd edək ki, Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib.

Daha sonra Azərbaycan Pedaqoji İnstitutunun Kimya fakültəsini bitirib təyinatla Şəkiyə göndərilən, daha sonra Lənkəran və Cəlilabad rayonlarında pedaqoji fəaliyyətlə məşğul olub. 1969-cu ildən ömrünün sonuna qədər isə Bakıdakı 190 saylı orta məktəbdə kimyadan dərs deyib.

Respublikanın Əməkdar müəllimi olan Ş.Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, “Canlı aləm haqqında əhvalatlar”, “Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları” adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş “Mənim anam”, qardaşı, mərhum akademik Aqil Əliyev haqqında “Xatirəyə dönən illərin işığında” kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, “Ziyalı” qəzetinin və “Elm və mədəniyyət” jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan Ş.Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bir qızı, iki nəvəsi var.

Qeyd edək ki, Ş.Əliyeva ümummili lider Heydər Əliyevin bacısıdr.

Son xəbərlər

Orphus sistemi