BDU-nun “Məzun günü” keçirilib

BDU-nun “Məzun günü” keçirilib Bakı Dövlət Universitetinin (BDU) “Məzun günü” keçirilib.
Elm və təhsil
29 İyun , 2022 18:25
BDU-nun “Məzun günü” keçirilib

Bakı Dövlət Universitetinin (BDU) “Məzun günü” keçirilib.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən “Məzun günü” Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

"Məzun günü"ndə təhsil naziri Emin Əmirullayev, Gənclər və idman naziri Fərid Qayıbov, BDU-nun rektoru Elçin Babayev və bir sıra rəsmilər iştirtak edib.

Çıxış edənlər məzunları təbrik edərək onlara peşəkar karyeralarında uğur qazandıracaq dəyərli tövsiyələr veriblər.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan şanlı Qələbədən söz açıb: “Fəxr edirik ki, işğaldan azad edilmiş əzəli torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında doğma universitetimizin tələbə və məzunları, sizin həmyaşıdlarınız da vardır. 44 günlük Vətən müharibəsində gənclərimizin canı və qanı hesabına əldə edilmiş Qələbəyə Bakı Dövlət Universitetinin 200-ə yaxın məzun və tələbəsi imza atıb, onlardan 19 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini yaddaşımıza əbədi həkk edirik”.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə universiteti 4120 bakalavr, 844 magistratura pilləsi olmaqla ümumilikdə 4964 tələbə bitirir.

Son xəbərlər

Orphus sistemi