Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyev Muzeyinin və Lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib.
"Report" xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, BDU-nun rektoru Elçin Babayev, Yerusəlim İbrani Universitetinin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti Oron Şagrir və təhsil ictimaiyyəti iştirak edib.
Tədbirdə qonaqlar muzey və lektoriya ilə tanış olublar.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun tədbirlər planı çərçivəsində muzey ən müasir standartlarla əsaslı şəkildə yenidən qurulub. Foyedə də əsaslı şəkildə yeni konsepsiya ilə təmir işləri aparılıb. Lektoriya da tamamilə yeni insfrastrukturda, müasir konsepsiyaya uyğun şəkildə təmir olunub. Əvvəldən burada olmayan istilik-soyutma təchizatı, robot kameralar, ayrıca rəqəmsal idarəetmə mərkəzi lektoriyada keçirilən tədbirlərin, görüşlərin texniki cəhətdən ən yüksək səviyyədə təşkilinə imkan yaradacaq. Rəqəmsal monitorların birbaşa sürətli internetə girişi vasitəsilə anında ölkədaxili və xarici onlayn bağlantılar vasitəsilə beynəlxalq konfrans, qonaqların qəbulu, seminarlar, tədbirlər və s. keçiriləcək.
Həmçinin vurğulanıb ki, Bakı Dövlət Universitetinin 2 saylı tədris binasının da yeni konsepsiya və ən müasir standartlara uyğun şəkildə təmiri davam edir. Böyük akt zalı, ümumiyyətlə, universitetin hər bir korpusunun da ən qısa zamanda əsaslı şəkildə yenidən qurulması gözlənilir.
Daha sonra Elm və Təhsil Nazirliyinin dəstəyi ilə BDU və İsrailin "Hebrew University of Jerusalem" (HUJI) arasında əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib.