Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) Qazax xanlığının 550 illiyi və Abay Kunanbayevin 170 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov universitetin tarixi haqqında, eləcə də Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqdan söz açıb.
Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, TürkPA-nın baş katibi Jandos Asanov və digər çıxışçılar Qazax xanlığı haqqında fikirlərini bölüşüblər.
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev isə konfransda təqdim olunan elmi məqalələrdən ibarət "Qazaxıstan xanlığı: mənşəyi, adət-ənənələri və irsi" adlı kitab barədə danışıb.
Tədbir məruzəçilərin çıxışları ilə davam edib.
Çıxışlardan sonra əl-Fərabi adına Qazaxıstan Milli Universiteti və Bakı Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb, xatirə medalları təqdim olunub.
Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfrans çərçivəsində qazaxıstanlı alimlərin tələbə və magistrlar qarşısında mühazirələri nəzərdə tutulub.





