Bir neçə əsrlik yaşı olan və böyük hissəsi suyun altında qalan Bayıl qalasından çıxarılan daşların bir qisminin tədqiqatı aparılıb.
“Report”un xəbərinə görə, 30-dan çox epiqrafik abidələrlə bağlı araşdırmanın nəticələri barədə İCOMOS Azərbaycan İctimai Birliyinin təşkil etdiyi təqdimatda məlumat verilib.
Layihə rəhbəri Çinarə Bəylər bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu daşların bir qisminin üzərindəki mətnlər və təsvirlər araşdırılıb. İndiyədək müxtəlif dövrlərdə aparılan araşdırmalar nəticəsində üzərində müxtəlif naxış və yazıların olduğu 700-ə yaxın sayda daş frizlər tapılıb. Bu daşlar hazırda “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin fondunda qorunub saxlanılır. İCOMOS Azərbaycan İctimai Birliyi həmin daşlardan 30 ədədini tədqiq edərək üzərindəki yazılar və təsvirləri araşdırıb.
Layihə çərçivəsində “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi ilə əməkdaşlıq çərçivəsində daş frizlərin fotofiksasiyası aparılıb, onların üzərindəki təsvirlərin illüstrasiyaları yaradılıb və mətnləri tərcümə olunub. Daşlar üzərində nəbati, zoomorf və antropomorf təsvirlərə rast gəlinib. Tam və fraqment şəklində olan təsvirlər arasında insan başı, şir (fraqment), öküz başı, dəvə və nəbatiləşmiş quş başının təsvirlərinə rast gəlinir.
Qeyd olunub ki, frizlər üzərində təsvirlərlə yanaşı, özündə müxtəlif tarixi məlumatları daşıyan yazılar da həkk olunub. Bu yazı mətnləri nəsx, kufi və süls yazı xətt növlərindən istifadə olunmaqla ərəb və fars dillərində yazılıb. Kitabə fraqmentlərinin çox hissəsinin üzərindəki yazı fars dilindədir. Frizlərin üzərindəki mətnlərin mövzusu və yazı dəsti-xətti, həmçinin ölçüləri fərqli olduğundan, onların sadəcə qala üzərində deyil, qala daxilində mövcud olmuş müxtəlif tikililərə məxsus olmasına dair ehtimallar yaranıb. Yazılarda konkret şəxs adları çəkilir, qalanın və daş kitabələrin memarları, bəzən isə həmin dövrdə hökmranlıq edən şəxslər haqqında məlumatların bir hissəsinə rast gəlinir. Məsələn, daşlardan birində “sonrakı il taxtda...”, “...şahın nəzdində...” kimi ifadələr yer alıb. Bəzi mətnlərin tərcüməsi onların hansısa hekayənin fraqmenti olmasına dair fikir yaradır. Daşlar üzərindəki mətnlərdə adlar da çoxdur.
Qeyd edək ki, araşdırma Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Bayıl daşları epiqrafik abidələrinin tədqiqi və nəticələrin rəqəmsallaşdırılması” layihəsi çərçivəsində baş tutub. Tədqiqatın nəticələri əsasında elektron kataloq hazırlanıb. Layihənin ideya müəllifi “İCOMOS Azərbaycan” İB-nin üzvü Leyla Musayeva qeyd edib ki, bu kataloqa yalnız daşların fotoları, üzərindəki təsvirlərin anlamı, mətnlərin tərcüməsi verilməyib, həmçinin daşlar üzərindəki naxışların illüstrasiyaları da çıxarılıb. Bu isə gələcəkdə daşların yerdə qalan hissəsini araşdırmaq istəyən tədqiqatçılar üçün yaxşı məlumat bazası olacaq, həm də yeni turizm məhsullarının yaradılmasına səbəb olacaq.
Təqdimat mərasimində kataloqa daxil edilən nümunələr nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.