BANM Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verir

BANM Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verir Küveyt şirkətinin sədri Bakı Ali Neft Məktəbində olub
Elm və təhsil
4 Dekabr , 2015 12:50
BANM Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verir

Bakı. 4 dekabr. REPORT.AZ/ Küveytin "Afnan Beynəlxalq Holding" şirkətinin (Afnan International Holding Company) sədri Mübarək əl-Cassim Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, rektor Elmar Qasımov qonağa Ali Məktəbin tarixindən danışıb.

Ali Məktəbin kampusu haqqında söz açan və kampusun layihəsi ilə qonağı tanış edən Elmar Qasımov işlərin artıq yekunlaşdığını diqqətə çatdırıb. E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson Process Management, Statoil, Schneider Electric, ABB, Halliburton və digər bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırıb.

O, bildirib ki, həmin şirkətlər BANM-lə çox həvəslə əməkdaşlıq edir. Elmar Qasımov Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verməyə hazır olduğunu deyib.

"Afnan Beynəlxalq Holding" şirkətinin sədri Mübarək əl-Cassim ixtisasca mühəndis olduğunu bildirərək təmsil etdiyi şirkət haqqında məlumat verib. Mübarək əl-Cassim Küveytdə yeni ali məktəb yaradılması məsələsi ilə bağlı körfəz regionunda neft və qaz təlimini gücləndirmək üçün beynəlxalq əməkdaşlığa maraq göstərdiyini bildirib. Bu məqsədlə Bakı Ali Neft Məktəbinin fəaliyyəti ilə ətraflı tanış olmaq üçün BANM-i ziyarət etmək arzusunda olduğunu deyib. O, bu sahədə əməkdaşlığa ümidini ifadə edərək, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

Görüşdə, qarşılıqlı əlaqələrin qurulması üçün əməkdaşlıq, o cümlədən digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdən sonra Mübarək əl-Cassim BANM-in tədris auditoriyalarını gəzərək professor-müəllim heyəti və tələbələrlə görüşüb. 

Son xəbərlər

Orphus sistemi