BANM-də görkəmli neftçi-geoloq Fərman Salmanovun 85 illik yubileyi qeyd olunub

BANM-də görkəmli neftçi-geoloq Fərman Salmanovun 85 illik yubileyi qeyd olunub Tədbirin sonunda Fərman Salmanovun həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib
Elm və təhsil
28 dekabr 2016 07:28
BANM-də görkəmli neftçi-geoloq Fərman Salmanovun 85 illik yubileyi qeyd olunub

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, ictimai xadim Fərman Qurban oğlu Salmanovun 85 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov, SOCAR-ın baş ofisinin elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev, SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəbdə tələbələrə elm və tədrislə yanaşı, neft-qaz, kimya sənayesi üzrə görkəmli alimlərin tanıdılmasının vacibliyini vurğulayıb. Rektor bildirib ki, bu konfransın keçirilməsində əsas məqsəd tələbələri görkəmli neftçı alimin həyat və yaradıcılığı ilə yaxından tanış etmək və F.Salmanovun xatirəsini yad etməkdir.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov konfransın əhəmiyyətindən söz açıblar. B.Hüseynov bildirib ki, bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr edən F.Salmanovun adı dünya neft tarixində Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi daxil olub.

SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov qeyd edib ki, F.Salmanovun rəhbərliyi altında Qərbi Sibirində karbohidrogen ehtiyyatları ilə zəngin yüzdən artıq iri həcmli yataq kəşf edilib və istismara verilib: “Məhz həmin yataqların işlənməsi və istismarı hesabına keçmiş SSRİ dünyanın ən çox neft-qaz ixrac edən ölkələri sırasına çıxıb”.

BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı professor Rəna Mustafayeva “Fərman Salmanovun həyat və fəaliyyəti hər bir azərbaycanlı gənc üçün nümunədir” adlı məruzə ilə çıxış edib.

BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri Elvin Həsənli və Rəşad Nəzərəliyev “Fərman Salmanov şəxsiyyəti gənclərin gözü ilə” mövzusunda fikirlərini bildiriblər.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov belə bir tədbiri təşkil etdiklərinə və əmisi F.Salmanovun xatirəsinin Ali Məktəbdə yüksək tutularaq gənc nəslə tanıdıldığına və unudulmadiğına görə öz minnətdarlığını bildirib.

Tədbirin sonunda Fərman Salmanovun həyat və fəaliyyətinə həsr olunan sənədli filmin nümayişi olub.

Son xəbərlər

Orphus sistemi