BANM-da “Mühəndislər üçün biznes təhsili” layihəsi başlayıb

BANM-da “Mühəndislər üçün biznes təhsili” layihəsi başlayıb Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib.
Elm və təhsil
8 Noyabr , 2018 13:49
BANM-da “Mühəndislər üçün biznes təhsili” layihəsi başlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Açılış mərasiminə BANM-ın rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda iştirak üçün xüsusi seçilən tələbələr qatılıblar. Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram mühəndislik üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub və tamamilə ingilis dilində həyata keçiriləcək. Layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrasiya olunmasına şərait yaradacaq.

Açılış mərasimində çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu cür layihələr mühəndislik üzrə təhsil alan tələbələrə menecment və biznes sahəsində geniş bilgilər verəcək və yalnız proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək.

Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilən 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

Universitetlər arasında böyük marağa səbəb olan proqrama müraciət edənlərdən 200-ə yaxın tələbə seçilib. Altı qrupdan ibarət olan iştirakçılar noyabr ayının 12-dən ilk təlimlərə başlayacaqlar.

“Mühəndislər üçün biznes təhsili”nin proqramına təqdimat və kommunikasiya bacarığı, layihələrin idarə edilməsi, vaxtın idarə edilməsi və effektivlilik, liderlik, risklərin idarə edilməsi, maliyyənin əsasları: büdcə və xərclərə nəzarət, insan resurslarının idarə olunması kimi modullar daxildir. 

Son xəbərlər

Orphus sistemi