Bakı Ali Neft Məktəbinin tələbələrinə "Microsoft"un sertifikatı təqdim olunub

Bakı Ali Neft Məktəbinin tələbələrinə "Microsoft"un sertifikatı təqdim olunub Sonda 2-ci və 3-cü kurs tələbələrinə sertifikatlar təqdim edilib
Elm və təhsil
19 Aprel , 2016 09:37
Bakı Ali Neft Məktəbinin tələbələrinə Microsoftun sertifikatı təqdim olunub

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə "Microsoft"un İT Akademiyasını (Microsoft İmagine Academy) uğurla bitirən və BANM-də keçirilən “Robototexnika” yarışının qalibi olan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə sertifikatlar təqdim olunub.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, “Microsoft” şirkətinin Təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov və Strateji həllər üzrə mütəxəssis Qaçay Mirzəyev, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov tələbələri əldə etdikləri nailiyyətlərə görə təbrik edib. Rektor tələbələrin peşəkar mühəndislər kimi formalaşması istiqamətində BANM-də zəruri işlər aparıldığını və əhəmiyyətli addımlar atıldığını vurğulayaraq, onların nailiyyətlərinin ildən ilə artacağına əmin olduğunu deyib. 

O, Ali Məktəbin hər zaman öz tələbələrinə diqqət və qayğı göstərdiyini, onların bilik və bacarıqlarının aşkara çıxarılmasında maraqlı olduğunu bildirib. 

Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov Ali Məktəbdə tələbələr üçün yaradılan şəraitin onların mütəxəsis kimi formalaşmasında böyük zəmin yaratdığını vurğulayıb. 

"Microsoft" şirkətinin Təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov qalib tələbələri təbrik edərək Ali Məktəbin tələbələrinə şirkətin yeni layihələri haqqında məlumat verdi. Emin Axundov tələbələri həmin layihələrdə iştirak etməyə çağırıb.

Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov BANM-də "Microsoft"un IT Akademiyasının yaranmasından bu günə qədər görülən işlərdən və tələbələrin robototexnika üzrə təqdim etdiyi işlərdən söz açıb.

Sonda “Microsoft”un sertifikatlaşdırılmış kurslarını başa vurub imtahandan uğurla keçən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələrinə “Software Development Fundamentals” sertifikatları və BANM-də keçirilən “Robototexnika” yarışında qalib gələn tələbələrə sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi