Bakı Ali Neft Məktəbinin könüllüləri İslam Həmrəyliyi Oyunlarında iştirak edib

Bakı Ali Neft Məktəbinin könüllüləri İslam Həmrəyliyi Oyunlarında iştirak edib Onlar təəssüratlarını bölüşüblər
Elm və təhsil
22 May , 2017 11:19
Bakı Ali Neft Məktəbinin könüllüləri İslam Həmrəyliyi Oyunlarında iştirak edib
BANM

Bakı. 22 may. REPORT.AZ/ “Bakı-2017”-də iştirak edən 12 minə yaxın könüllü arasında Bakı Ali Neft Məktəbinin (BANM) tələbə könüllüləri var.

“Report” Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən, BANM-in könüllü kimi fəaliyyət göstərən tələbələrinin təəssüratlarını təqdim edir:

Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının II kursunda oxuyan Kənan Sadıqov bildirib ki, könüllülərə qoşulmaqda məqsədi özünə yeni dostlar qazanmaq, müəyyən təcrübə toplamaq və ingilis dilini inkişaf etdirmək idi: “İslam Oyunlarında Suriya Milli Olimpiya komitəsinin assistentiyəm. Əsas işim gün ərzində, iş prosesində ortaya çıxan müəyyən məsələlərin həllinə yardım etməkdir. Mən də əlimdən gələn köməkliyi göstərirəm. Könüllü hərəkəti mənə yeni dostlar qazandırır. Səkkiz aydan çoxdur ki, bu oyunlarda könüllü kimi fəaliyyət göstərirəm. Könüllülük fəaliyyətimə səfir kimi başlamışam, sonra isə Suriya Milli Olimpiya Komitəsinin təmsilçiləri ilə işləyirdim. Müxtəlif ölkələrdən gələn idmançılarla tanış olmaq, olanlarla ünsiyyət qurmaq, onların mədəniyyətini, adət ənənələrini öyrənmək mənim üçün çox maraqlıdır”.

Neft-qaz mühəndisliyi ixtisasının II kursunda təhsil alan Novruz Əliyev deyib ki, ilk dəfə birinci kursda oxuyarkən “Formula-1” yarışlarında könüllü olub: “İngilis dilimin inkişafında həmin müddət çox mühüm rol oynayıb. İş prosesində xaricilərlə tez-tez ünsiyyətdə olmaq imkanı mənə ingilis dilində nitqimi təkmilləşdirməyə yardım edib. Gündəlik işim idmançıları qarşılamaq və onlara köməklik göstərməkdən ibarətdir. Maraqlısı odur ki, mən bu oyunlarda çoxdan başqa yerə köçmüş uşaqlıq dostumu da tapmışam. Burada həm iş təcrübəsi, həm də dostlar qazandığıma görə özümü çox şanslı hiss edirəm”.

Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Nigar Qasımova söyləyib ki, ilk dəfə olaraq könüllü qismində özünü beynəlxalq səviyyəli idman yarışında sınayır: “Əminəm ki, İslam Həmrəyliyi Oyunları mənim gələcək həyatımda parlaq bir səhifə olacaq. Mən yeni dostlar qazanmaq, ingilis dilimi inkişaf etdirmək üçün bu hərəkətə qoşulmuşam. Bura qoşulmağa məni Avropa oyunlarında və “Formula-1” yarışlarında könüllü kimi iştirak etmiş qrup yoldaşlarım həvəsləndiriblər. Mənim təmsil olunduğum komandanın gündəlik işi treninq, görüş və s. haqqında atletlərə məlumat verməkdir. Oyunlarda iştirak edən xarici ölkələrin idmançıları bizə xatirə olaraq döş nişanları hədiyyə verirlər. Əminəm ki, İslamiadadan sonra bu döş nişanları kolleksiya olaraq xatirə kimi qalacaq”.

Neft-qaz mühəndisliyi ixtisasında oxuyan Kamil Nağızadə qeyd edib ki, könüllülər hərəkatı haqqında Avropa Oyunları və “Formula-1“ yarışlarında könüllü kimi işləyən tanış və dostlarından xəbər tutub: “Könüllülərin işləri məni çox cəlb eləmişdi. Buna görə də İslam Oyunları könüllülər hərəkatına qoşuldum. Bu fəaliyyətimdən əsas gözləntim çoxlu dostlar qazanmaq və komandada işləməyi bacarmaqdır. Mən tamaşaçı xidmətlər komandasındayam. Biz hər gün tamaşaçıları qarşılayıb zala yönləndiririk. Onların rahatlığı üçün müxtəlif xidmətlər göstəririk. Komandamızın menecerin doğum gününü bir yerdə qeyd etməyimiz maraqlı bir xatirəyə çevrildi, belə ki, onu təbrik etmək üçün komandamızla xüsusi bir video hazırlamışdıq. Könüllü hərəkatı mənə komandada işləmək bacarığını təkmilləşdirməyə xeyli kömək oldu. Bu oyunların sahəsində çoxlu dostlar qazanmışam. İslam Həmrəyliyi Oyunları mənim üçün dostluq, həmrəylik, komanda deməkdir və inanıram ki, ölkəmiz üçün çox əhəmiyyətli bir tədbir kimi yadda qalacaq”. 

Son xəbərlər

Orphus sistemi