Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq

Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq Bununla bağlı anlaşma memorandumu imzalanıb
Elm və təhsil
16 Mart , 2015 16:00
Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq

Bakı. 16 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti BANM-də olub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə 'laqələr şöbəsindən məlumat verilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında olan əlaqələrin tarixindən danışıb. O bildirib ki, iki ölkə arasında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil sahəsində ikitərəfli əməkdaşlıq bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir.

E.Qasımov BANM və VIETSOVPETRO şirkəti arasında qurulan əməkdaşlığın bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, tələbələrin Vyetnamda istehsalat təcrübəsi keçməsinə, Vyetnamlı tələbələrin BANM-də təhsil almasına, ixtisasartırmaya, elmi-tədqiqat işlərinin aparılması, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini qeyd edib.

VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia təmsil etdiyi şirkət ilə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. BANM ilə imzalanan anlaşma memorandumunu yüksək qiymətləndirərək, nüfuzlu Ali Məktəblə sıx əlaqələrin qurulmasının təmsil etdiyi şirkət üçün qürurverici olduğunu qeyd edib.

O, həmçinin VIETSOVPETRO şirkəti haqqında geniş məlumat verərək, baş ofisi Vyetnamın Vunq Tau şəhərində yerləşən şirkətin 1981-ci ildə təsis edildiyini bildirib: "Şirkət ölkənin 5-ci ən böyük şirkətidir. VIETSOVPETRO Vyetnamı 80% faiz neft və qaz istehsalı ilə təmin edərək ölkənin Cənub Şərqi Asiyada neft sənayesi üzrə 3-cü yer tutmasına səbəb olub. Həmçinin ən müasir istehsal və emal texnologiyalarının köməyilə ay ərzində 1 milyon tondan artıq neft hasil edilir. Şirkətdə bir sıra strukturlarla yanaşı, Elmi-tədqiqat və mühəndislik İnstitutu, eləcə də İnformasiya texnologiyaları və kommunikasiya mərkəzi fəaliyyət göstərir".

Tədbirdə iştirak edən SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vyetnam və Azərbaycan əlaqələrinin böyük tarixə malik olduğunu və yaşlı nəslin nümayəndəsi kimi bu əməkdaşlığın bütün inkişaf mərhələlərinə şahidi olduğunu bildirib.

X.Yusifzadə Vyetnamda dənizdə qazma və hasilatı sahəsində təcrübə olmadığına görə, ilk növbədə azərbaycanlı mütəxəssislərin onlara köməklik etdiyini qeyd edərək, bu işlərə azərbaycanlı mütəxəssis Cəlal Məmmədovun rəhbərlik etməsinin təsadüfi olmadığını vurğulayıb. O, Azərbaycanın həmişə Vyetnam üçün mütəxəssis hazırlığında iştirak etdiyini deyərək bildirib ki, buna misal özünün 69 vyetnamlı tələbələrinin hazırlığında iştirak etməsidir.

O, hazırda bu əlaqələrin inkişafda olduğunu vurğulayıb və dövlət başçısı İlham Əliyevin Vyetnamda olarkən Azərbaycanın Vyetnam üçün neftçi kadrların hazırlanmasını təklifini irəli sürdüyünü və bu Azərbaycanın Vyetnamla olan əməkdaşlığına yeni təkan verdiyini qeyd edib.

Sonra Bakı Ali Neft Məktəbi ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Bakı Ali Neft Məktəbinin "Fəxri Qonaq" diplomu ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi