Bakı Ali Neft Məktəbi 10 tələbəsini "Petkim"ə göndərir

Bakı Ali Neft Məktəbi 10 tələbəsini "Petkim"ə göndərir Tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər
Elm və təhsil
1 İyul , 2015 11:22
Bakı Ali Neft Məktəbi 10 tələbəsini Petkimə göndərir

Bakı. 1 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə III kursda təhsil alan 10 tələbəsi Türkiyəyə göndərilir. Bu barədə "Report"a BANM-dən məlumat verilib.

Məlumata görə, tələbələr Türkiyənin İzmir şəhərində "Petkim" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Bununla bağlı keçirilən tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını bildirib.

O deyib ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir: "BANM tələbələri, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunub. Eyni zamanda, BANM "SOCAR Turkey Energy" və "Petkim" şirkəti ilə əməkdaşlıq edir".

Xatırladaq ki, tələbələr Türkiyəyə iki qrupda göndəriləcəklər. I qrup iyulun 1-dən 24-dək, II qrup isə iyulun 26-dan avqustun 14-dək təcrübədə olacaqlar. Onlar tikintisi davam edən nəhəng obyektdəki tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaq, hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər. Tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədəki istehsalat təcrübəsi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edəcək. Razılaşmaya əsasən, BANM-in tələbələri "Petkim" şirkətinin əməkdaşlıq etdiyi digər kimya profilli müəssisələrdə də təcrübə keçə biləcəklər.

Qeyd edək ki, bu barədə Ali Məktəbin rektoru Elmar Qasımovun və "SOCAR Turkey Energy" şirkətinin Baş icraçı direktoru və "Petkim" şirkətinin İdarəetmə Şurasının üzvü Kənan Yavuzun görüşündə razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi