Bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə bu artım 60 faizdir.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, ümumilikdə bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 25 faiz artırılıb: "Bir bakalavr və magistra düşən təhsil haqqı xərci təxminən 3 000 manatdan çoxdur. Doktorantura səviyyəsi üzrə isə bu xərc 4 500 manatdan çoxdur".
Onun sözlərinə görə, növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək: "Hazırda 73 mindən çox tələbə var və onların yarısından çoxu dövlət hesabına təhsil alır. Bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir".
Nazir müavini vurğulayıb ki, ən aşağı təhsilhaqqı xərcləri təhsil və iqtisadi sahələri üzrə olan ixtisaslardadır: "Ən yüksək təhsilhaqqı xərcləri isə mədəniyyət, incəsənət və tibb ixtisası üzrədir. Bu da başadüşüləndir. Çünki mədəniyyət ixtisas qrupunda qruplar formalaşan zaman digər qruplara nisbətdə olduqca aşağıdır. Tibb ixtisasında da avadanlıq və laboratoriyalar vəsait tələb edir".
İ.İsayev əlavə edib ki, ilin sonunadək artım üçün təxminən 26 milyon manat vəsait tələb olunacaq: "Növbəti ildə bu artımın maliyyə təminatı təxminən 84 milyon manat təşkil edəcək. Bu il və növbəti ilin dövlət büdcəsində artımlarla bağlı büdcə vəsaitləri nəzərdə tutulub".
Qeyd edək ki, Nazirlər Kabineti ötən gün ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmini təsdiqləyib.