Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinin "Məzun günü” keçirilib.
"Report" xəbər verir ki, “Elektra Events Hall”da təşkil edilən mərasimdə rəqəmsal inkişaf və nəliyyat nazirinin müavini Samir Məmmədov, ali təhsil müəssisəsinin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, onların valideynləri, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzMİU-un rektoru professor Gülçöhrə Məmmədova çıxışında tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: "Başa vurduğumuz tədris ilində AzMİU-dan 1320 bakalavr, 400 magistr olmaqla 1720 tələbə məzun olur. Məzun olan 1320 bakalavr arasında 63 nəfər əcnəbi tələbədir. AzMİU-nun nəzdində İnşaat Kollecini isə bu il 429 subbakalavr bitirir. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 28-i universiteti fərqlənmə diplomu ilə bitirib. AzMİU-nun məzunu adını qazanan gəncləri bir daha təbrik edir, onlara gəncliyin bəxş etdiyi enerjidən faydalanaraq böyük uğurlara imza atmağı arzulayıram".
Daha sonra rektor və mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarını təqdim ediblər. Eləcə də təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə də mükafatlar verilib.
Məzunların ənənəvi “papaqatma” mərasimi keçirildikdən sonra xatirə şəkili çəkdirilib.
Mərasim konsert proqramı ilə davam edib.






















