AzMİU-da Məzun Günü keçirilib

AzMİU-da Məzun Günü keçirilib Məzun Günü AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında konsert proqramı ilə davam edib
Elm və təhsil
4 İyul , 2017 17:36
AzMİU-da Məzun Günü keçirilib

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Məzun Günü keçirilib. Universitetdən "Report"a verilən məlumata görə, tədbirdə AMEA-dan nümayəndə, millət vəkilləri, özəl qurumların təmsilçiləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak ediblər.

Universitetin Akt zalında keçirilən tədbir AzMİU tələbələrinin ifasında dünya şöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlayıb. 

Giriş sözü ilə qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. O, qeyd edib ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 42-ci təntənəli buraxılış gecəsinə toplaşmışıq. “Başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirir. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olur. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 25-i universiteti fərqlənmə diplomu ilə bitirir. Bakalavr tələbələrimizdən 221 nəfər təhsilin magistratura pilləsinə qəbul imtahanlarını uğurla başa vurub. Bu il SABAH qrupularının ilk məzunu olaraq 53 tələbə Memarlıq, İnşaat mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə universiteti bitirir, SABAH məzunlarından 7 nəfəri Avropanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunub”.

AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli təmsil etdiyi qurumun rəhbərliyi adından məzunları təbrik edib, ölkəmizin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. AzMİU-nu sabahın qurucuları hazırlayan elm-təhsil ocağı kimi dəyərləndirən akademik, burada ölkəmiz üçün çox vacib olan ixtisaslar üzrə mütəxəssislərin hazırlandığını qeyd edib. 

Tədbirdə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarının təqdim olunma mərasimi keçirilib, təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə mükafatlar verilib. AzMİU-nu fərqlənmə diplomu ilə bitirən əcnəbi tələbələr bu universitetin tələbəsi olmağın üstünlüklərindən danışıb, universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini bildiriblər.

Sonda Məzun Günü AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında konsert proqramı ilə davam edib. Universitetin rəqs qrupu və qonaqlar öz çıxışları ilə məzunların sevincinə şərik olublar.

Son xəbərlər

Orphus sistemi