AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib Bakıda italyan tikinti materiallarının nümayiş olunacağı sərginin təşkili nəzərdə tutulub
Elm və təhsil
2 Mart , 2017 20:37
AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtalyanın Azərbaycandakı səfirliyi və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının təşəbbüsü ilə “Italy’s Design Day-İtalyansayağı Dizayn Günü” adlı tədbir keçirilib.

Universitetdən “Report”a verilən məlumata görə, tədbirdə İtaliyanın Azərbaycandakı Səfiri Campaolo Kutillo, İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (ICE) Bakı ofisinin direktoru Luigi D’Aprea, dəvət olunmuş italyan memar Luca Molinari, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə və başqaları iştirak edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professoru Gülçöhrə Məmmədova belə mühüm tədbirin bu təhsil ocağında keçirilməsini Azərbaycan – İtaliya dostluğunun təzahürü kimi dəyərləndirib.

İtaliyanın Azərbaycandakı Səfiri Campaolo Kutillo deyib ki, İtaliya Dizaynı Günü bu il ilk dəfə dünyanın 35-dən çox şəhərində keçirilir. Masterklasın keçiriləcəyi şəhərlər arasında Bakı, Barselona, Berlin, Çikaqo, Dubay, London, Meksika, Mayami, Milan, Moskva, Nyu-York, Paris, Pekin, Seul, Şanxay, Tehran, Tel-Aviv, Tokio, Toronto və s. şəhərlər də vardır. Səfir vurğulayıb ki, bütün dünyada İtalyansayağı Dizayn Günü çərçivəsində “Made in Italy” adı ilə keçiriləcək layihədə italyan memarlıq və dizayn sahəsinin sirləri, tarixi, özünəməxsusluğu, innovasiyası, istifadə olunan materialların keyfiyyəti, ekoloji cəhətdən zərərsizliyi müzakirə olunur.

Tədbirdə İtaliyanın dövlət televiziyası RAI1 tərəfindən masterklasa həsr olunan video nümayiş etdirilib.

Müzakirənin sonunda qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıblar, masterklasın hər il keçirilməsi, bundan əlavə, italyan tikinti materiallarının nümayiş olunacağı sərginin təşkili nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi