Azərbaycanın iki ali məktəbi ilə ​ABŞ universiteti arasında saziş imzalanıb

Azərbaycanın iki ali məktəbi ilə ​ABŞ universiteti arasında saziş imzalanıb Sazişdə tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi üzrə birgə əməkdaşlıq nəzərdə tutulur
Elm və təhsil
114
16 Yanvar , 2015 16:33
Azərbaycanın iki ali məktəbi ilə ​ABŞ universiteti arasında saziş imzalanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdikləri nümayəndə heyəti Bakı Dövlət Universitetində olublar. "Report" xəbər verir ki, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda bildirilir.

Universitetin rektoru Abel Məhərrəmov BDU-nun yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurları, tanınmış birlik və assosiasiyalarda təmsilçiliyi, ABŞ universitetləri ilə əlaqələri haqqında geniş məlumat verib. O, 1927-ci ildə təsis edilən Hyuston Universiteti ilə qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib.

ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, ali təhsil inanılmaz imkanlar yaradır, bu sahədə çalışmaqdan məmnun olmalı və əlaqələrin genişlənməsi istiqamətində işlər görməliyik.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öz növbəsində əlaqələrin inkişafı istiqamətində maraqlı təkliflər irəli sürüb. Eyni zamanda bildirib ki, rəhbərlik etdiyi ali məktəbin bakalavr və magistr pilləsində təhsil alan tələbələr geologiya, kimya, sualtı mühitin və digər sahələrin öyrənilməsi üçün Hyuston Universitetində təcrübə keçəcəklər.

Qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşün sonunda Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Hyuston Universiteti arasında üçtərəfli niyyət sazişi imzalanıb.

Sazişdə tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, Hyuston Universiteti Şəbəkəsinin 4 universitetində təhsil alan tələbələrin ümumi sayı 40 750 nəfər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi