Azərbaycanda tələbələrə yataqxana xərcləri üçün kredit verilə bilər

Azərbaycanda tələbələrə yataqxana xərcləri üçün kredit verilə bilər İcraçı direktor: “Gələcəkdə bakalavrla yanaşı digər təhsil dərəcələrinə görə də kreditlərin verilməsi mümkün olacaq”
Elm və təhsil
161
8 Fevral , 2017 12:42
Azərbaycanda tələbələrə yataqxana xərcləri üçün kredit verilə bilər

Bakı. 8 fevral. REPORT.AZ/ “Gələcəkdə təhsil kreditlərinin verilməsi zamanı yalnız tələbələrin təhsil haqqının ödənilməsi nəzərdə tutulmayacaq. Bu mexanizmi genişləndirməyi düşünürük”.

“Report”un məlumatına görə, bunu “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib.

O bildirib ki, gələcəkdə tələbələrin yataqxana xərcləri üçün də kredit verilə bilər: “Bəzən rayonlardan gələn tələbələrlə ünsiyyətdə olarkən görürük ki, onların təhsil haqqından əlavə yaşama yerləri ilə bağlı bir çox problemləri olur. Bunu nəzərə alaraq tələbələrə yataqxana xərcləri üçün kredit verilməsi məsələsinə də baxılacaq. Sonrakı dövrdə hətta hansısa tədqiqat, araşdırma işlərində də kömək edilə bilər”.

R.Mahmud qeyd edib ki, bu gün kreditlərin qaytarılması mexanizmi sabit qrafiklə hesablanır: “Lakin bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur. Bu gün bizim üçün bunu tətbiq etmək bəlkə də bir qədər tezdir. Biz bunu bir çox dövlət qurumları ilə birgə işləyib hazırlamalıyıq. Amma gələcəkdə bu mexanizmin olmasını istisna etmirik”.
O, eyni zamanda, hazırda ailə başçısını, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud tələbələrə kreditlərin güzəştli şərtlərlə verildiyini xatırladıb: “Kreditlərin faiz dərəcəsi 6 faizdən 8 faizədək dəyişir. Kreditin qaytarılma müddəti 5 ildən 10 ilə qədərdir. Amma qaytarılma üçün tələbələrə təhsil müddəti bitdikdən sonra müəyyən güzəşt müddəti də verilir. Nəzərdə tutulur ki, o müddət ərzində tələbə hansısa işlə təmin olunsun.Ödənişlər güzəşt müddəti bitdikdən sonra olmalıdır. Tələbəyə maksimum 7 min manat kredit verilir. Bu, sosial bir layihədir və burada tələbələrdən hər hansı zamin və ya girov tələb olunmur”.

İcraçı direktor deyib ki, bu gün sadəcə bakalavr səviyyəsi üzrə kreditlər verilir: “Gələcəkdə isə digər təhsil dərəcələrinə görə də kreditlərin verilməsi mümkün olacaq. Təbii ki, strateji planlara görə hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər”.

Son xəbərlər

Orphus sistemi